Astara Rayon Gənclər və İdman İdarəsinin, rayon Heydər Əliyev Mərkəzinin və Astara Pedoqoji Kollecinin birgə təşkilatçılığı ilə 5 mart-Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş “Gənclərin fiziki sağlamlığının qorunması, inkişafı və onların vətənpərvərlik tərbiyəsində bədən tərbiyəsi və idmanın rolu” mövzusunda videokonfrans keçirilib.

Onlayn tədbirdə rayonda idman sahəsində çalışan müəllimlər, idmançılar, Vətən müharibəsi iştirakçıları, könüllü və ictimai fəal gənclər, tələbələr, idarə və müəssisələrin rəhbər işçiləri iştirak ediblər.

Astarainfo.az  xəbər verir ki, videokonfransda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin aparıcı moderatoru, Vətən müharibəsi qazisi, Astara Rayon Gənclər və İdman İdarəsinin gənclərlə iş üzrə nümayəndəsi, könüllülərlə iş üzrə koordinatoru Abbas İbrahimli rayonun gənclərini və idmançıları əlamətdar gün münasibətilə təbrik edib.

A.İbrahimli çıxışında ölkəmizdə Gənclər və İdman Nazirliyinin yaradılması, 5 Mart – Bədən Tərbiyəsi və İdman Günününün təsis edilməsinin əhmiyyətini qeyd edərək əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət idman siyasətinin bu gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Onlayn tədbirdə ümummillli lider Heydər Əliyevin tarixi nitqlərindən, Ulu Öndərin Azərbaycanda idmanın inkişafı üçün verdiyi töhfələrə və söylədiyi fikirlərə aid videorolik nümayiş olunub.

Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, könüllü gənc Ayla Zahidova, Astara Pedaqoji Kollecinin tələbəsi Elgün Əzimov, Astara Pedaqoji Kollecinin direktoru Ağababa İbrahimov, Astara Rayon Gənclər və İdman İdarəsinin rəis müavini İqrar Cəfərov mövzuyla bağlı çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Vətən müharibəsində azərbaycanlı idmançılar, o cümlədən astaralı idmançılar milli ordunun əsgər və zabitləri ilə birgə igidlik və qəhrəmanlıqları ilə dastan yazdılar.

Diqqərə çatdırılıb ki, astaralı idmançılardan, atletika üzrə ikiqat Azərbaycan çempionu, Azərbaycan kubokunun qalibi, Azərbaycan yığma komandasının üzvü Arif Qeybiyev, boks üzrə Azərbaycan birinciliyinin ikiqat gümüş və bürünc medalçısı, Azərbaycan yığma komandasının üzvü Ruslan Əliyev Vətən müharibəsində qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalıblar. Onların həyat yolu və Vətən sevgisi gənclərimiz üçün əsl örnəkdir.

Çıxış edənlər həmçinin, astaralı idmançıların respublika və beynəlxalq yarışlarda qazandıqları uğurlardan danışaraq Gənclər və İdman Nazirliyinin Kollegiyasının qərarı ilə Astara Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Cəfərov İqrar İsa oğluna “Fəxri Bədən Tərbiyəsi və İdman işçisi” fəxri adının verilməsi münasibətilə ona ən xoş arzularını çatdırıblar.

Videokonfrans başa çatdıqdan sonra Astara Rayon Gənclər və İdman İdarəsinin inzibati binasında Vətən müharibəsinin qazisi, rayonda gənclərlə iş üzrə nümayəndə və könüllülərlə iş üzrə koordinator Abbas İbrahimliyə fəxri fərman təqdim olunub.