Astara Rayon Heydər Əliyev Mərkəzi, Ombudsmanın Cəlilabad Regional Mərkəzi, Astara Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya qarşı səmərəli mübarizə və sağlam həyat tərzinin təbliği” mövzusunda maarifləndirici onlayn tədbir keçirilib.
Tədbirdə tərəfdaş qurumların rəhbəri və əməkdaşları, tələbə-gənclər, yuxarı sinif şagirdləri iştirak ediblər.
Astarainfo.az xəbər verir ki, onlayn tədbirdə Astara Rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev və başqaları mövzu ilə bağlı çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyanı narahat edən əsas problemlərdən biridir. Narkomaniyanın yaratdığı problemlər cəmiyyətin maddi-texniki və intellektual potensialının aşağı düşməsinə, genefondun pisləşməsinə və bir çox mənfi hallara gətirib çıxarır. Cinayətkarlığın artmasına səbəb olan narkotiklərin qanunsuz dövriyyəsi terrorizmin maliyyə mənbəyi olmaqla, beynəlxalq təhlükəsizliyə ən ciddi təhdidlərdən biridir. Bu baxımdan, dünya dövlətləri narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üsullarını daha da təkmilləşdirir, habelə, beynəlxalq səviyyədə müvafiq nəzarət sisteminin tətbiqi sahəsində səylərini artırırlar.
Diqqətə çatdırılıb ki, ölkəmizdə narkomaniyaya qarşı mübarizə sahəsində dövlət tərəfindən atılan addımlar öz müsbət nəticələrini verməkdədir. Azərbaycanda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılıb, narkotiklərin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində dövlətin strateji kursunun əsasları müəyyən edilib.
Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi, narkomanlıqla mübarizə sahəsində bir sıra təşkilati-hüquqi, institusional, əməli-praktiki tədbirlər həyata keçirilib və narkotiklərlə mübarizə üzrə beynəlxalq təşəbbüslərdə iştirak daha intensiv xarakter alıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi bu sahədə görülən işlərin davamıdır.
Onlayn tədbirdə Astara Rayon Dövlət Rəsm Qalereyasının şagirdlərinin “Narkomaniyaya yox deyək!” mövzusunda çəkdikləri rəsmlərin virtual sərgisi nümayiş etdirilib.
Sonda iştirakçıları maraqlandıra suallar cavablandırılıb.