Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi tərəfindən yol hərəkətinin təhlükəsizliyinin təmin olunması, baş verə biləcək qəzaların qarşısının alınması məqsədilə profilaktiki tədbirlər gücləndirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Astarainfo.az-a verilən məlumata görə, nəqliyyat vasitələrinin sayının ilbəil artması fonunda yollarda hərəkətin təhlükəsizliyinin təmin olunması istiqamətində, o cümlədən məktəblilərin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması və uşaqların həyat və sağlamlıqlarının qorunması məqsədilə yol polisi bir sıra tədbirlər həyata keçirir.
Bu istiqamətdə görülən tədbirlər çərçivəsində Astara Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsi və Baş Dövlət Yol Polisinin “Siqnal” idarəsinin əməkdaşları tərəfindən təhsil müəssisələrinin yerləşdiyi ərazilər, həmçinin məktəblilərin hərəkət marşrutlarında yol şəraiti müayinə edilərək bir sıra işlər görülüb. Bura yeni yol nişanlarının qoyulması və köhnələrinin yenisi ilə əvəzlənməsi, cizgi işlərinin aparılması daxildir.