Astara şəhərindəki Dənizkənarı Park-Bulvar Kompleksində yerləşən “Maricel” hotelində Rayon Gənclər və İdman İdarəsi nəzdində fəaliyyət göstərən “Altay” Gənclərin İntellektual-İnnovasiya Klubunun təşkil etdiyi “Kompüter texnologiyası və internetin əsasları” təlim-tədris kurslarını başa vuran 19 gəncə xüsusi karantin rejiminin tələblərinə riayət edilməklə sertifikatlar təqdim olunub.
Astarainfo.az xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən “Altay” Gənclərin İntellektual-İnnovasiya Klubunun sədri Ceyhun Mirzəzadə, Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev kursu bitirən gəncləri təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Qeyd edək ki, “Altay” Gənclərin İntellektual-İnnovasiya Klubu yarandığı 2016-cı ildən bu günədək “Kompüter texnologiyası və internetin əsasları” və “Müasir gənclik, ingilis dili və dünyaya inteqrasiya” təlim-tədris kurslarında 203 nəfər təhsil alıb. Bu il Klubun təşkil etdiyi kurslarda 17 gənc kompüter texnologiyası, daha 10 gənc isə ingilis dili üzrə təhsilini davam etdirir.
Təlim kursları karantin qaydalarına riayət edilməklə əyani və onlayn formada keçirilir.