Novruz bayramı ərəfəsində ictimai nəqliyyatda sərnişin sayının artması ilə əlaqədar olaraq karantin qaydalarına riayət olunmasını təmin etmək məqsədilə Astarada dövlət yol polisi əməkdaşları tərəfindən nəzarət-profilaktiki tədbirlər gücləndirilib. Bu məqsədlə Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin əməkdaşları tərəfindən ictimai nəqliyyat vasitələrində pandemiya qaydalarının pozulması hallarına qarşı tədbirlər davam etdirilir.
Astarainfo.az xəbər verir ki, Astara Rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birgə təşkil olunan növbəti reyd zamanı sürücü və sərnişinlərin tibbi maskaladan istifadə etməsi, sərnişin sayının qaydalar çərçivəsində olması yoxlanılıb.
Reyd zamanı normadan artıq sərnişin daşınması halları aşkarlanan sürücülərə bir daha xəbərdarlıq edilib və bu vəziyyətin yoluxma riskini artırdığı bildirilib. Tibbi maskadan düzgün şəkildə istifadə edilməsi ilə bağlı bir daha sürücü və sərnişinlərə xəbərdarlıq olunub.
Həmçinin yol polisi əməkdaşları tərəfindən sürücülərə tibbi maska və spirt paylanıb.