1992-ci il mayın 1-də iki qız övladından sonra onun dünyaya gəlişi çox sevindirici oldu. Ana qürurlandı, ata “Nəslimi davam etdirən olacaq” dedi. Ailəyə yeni işıq düşdüyünə görə körpənin adına Nurlan dedilər.

İllər keçdi Nurlan Fərəməzov doğulduğu kənddə – Təngərüddə tam orta məktəbi bitirəndən sonra stomoloq olmaq arzusu ilə Azərbaycan Tibb Universitetinə sənədlərini hazırladı. Lakin hərbi həkim fakültəsinə daxil olur. Bəli, heç bir şey təsadüfi olmur, bütün təsadüflər zərurətdən doğur. Nurlanın da bu fakültədə oxuması gələcəkdə cəmiyyət üçün daha yararlı olacağını göstərirdi.

Tibb univesitetində oxumaq hər kəs üçün asan olmur. Nurlan isə heç bir çətinlik çəkmədən tələbə həyatını 2015-ci ildə uğurla başa vurur və fəaliyyətə başlayır. Əvvəlcə Gədəbəy, sonra Qazax rayonlarında məntəqə tibb xidməti rəisi vəzifəsində çalışır. 2020-ci ilin avqust ayında öz istəyi ilə təxris olunur. Ehtiyyatda olan zabit Nurlan Fərəməzov tibb sahəsində təhsilini xaricdə davam etdirmək istəyəndə Vətənin üstünə qara buludlar çökür.

Hələ Tovuz hadisələrində bütün vətənpərvər gənclər kimi Nurlan da çox narahat olmuşdur. Onun o zaman Tovuzda hərbi hissədə olması, vəziyyətlə maraqlanması çoxlarına təəccüblü görünsədə Vətən yolunda şəhid olanlara çox üzülmüşdü. Demə, Nurlanın da qismətində şəhidlik varmış. Ona görə Vətənin əmrinə müntəzir zabit kimi sentyabrın 29-da əzizlərini pəcmurdə halda buraxaraq Vətənin harayına qalxır. Bir həkim kimi əvvəlcə Ağcabədidə fəaliyyət göstərir. Sonra müharibə bölgəsinə təyin olunur. Cəbrayıl uğrunda gedən qızğın döyüşlərdə hərbi həkim bir çox yaralıların harayına çatır. Onlara ilk yardım göstərərək ölümün pəncəsindən alanda çox sevinir. Nurlan hardan biləydi ki, qızğın döyüşlərin birində özü ağır yaralanacaq və dərdinə əlac edən olmayacaq.

Oktaybrın 9-da çiskinli bir gündə tibb maşını ilə həmişə hədəfdə olmuş Nurlan Fərəməzov bir çox yaralı əsgərlərin harayına çatır. Həmin gün gözlənilmədən düşmən minamiyotundan səssiz açılan mərmilərin partlaması nəticəsində Nurlanı komandiri olduğu əsgərlərlə birgə yerə uzanmağa vadar edir. Toz-duman çəkiləndən sonra hamı ayağa qalxır. Yalnız hər

kəsin harayına çatan Nurlan Fərəməzov başının arxa tərəfindən aldığı yaradan çoxluca qan itirir və əbədiyyətə qovuşur.

Oktyabrın 10-da doğulduğu Təngərüd kəndində “Baba Cəbrayıl” türbəsində torpağa tapşırılan hərbi həkim 28 yaşlı Nurlan Fərəməzovun adı Azərbaycanın şəhidləri sırasına düşür. O, ən uca məqama çatsa da onu sevənlər hələ də yoxluğuna inana bilmirlər.

Şəhidin doğulduğu məktəbə ayaq açdığı doğma ocağında acı xəbərdən sarsılmış ata, ana ilə söhbətləşmək istəyi ilə Təngərüd kəndində oldum. Gülnaz ana sükut içində baxışlarını məchul nöqtəyə dikmişdi. Sanki xəyalən üzünə həsrət qaldığı, yoxluğundan yanıb-yaxıldığı balası ilə dərdləşirdi. Əhliman ata nə qədər sarsılsa da oğlu Nurlandan iftixaredici tərzdə danışmağa başladı:

– Nurlan göz bəbəyimiz, evimizin işığı idi. Anası nə qədər təkid etsə də ailə qurmağa tələsmirdi. Bəlkə də ürəyinə damıbmış ki, ömrü nakam olacaq. Oğlum demək olar ki, həkim ailəsində böyüdüyündən, yaxın qohumlarını, əmi uşaqlarını həkim gördüyündən özü də həkimliyə meylı etdi. Orta məktəbdə yaxşı oxuduğuna görə elə birinci il universitetə qəbul olunur. O, uşaqlığından az danışan, sakit, mehriban idi. Bizimlə danışanda pərdə saxlayardı. Bacıları ilə dərdləşərdi. O, müharibədə olanda telefonda yalnız “Narahat olmayın, yaxşıyam” deyərdi. Amma böyük bacısına bir gün məsələni açıqlayıb. “Bacı, qızğın döyüşlər gedir, şəhidlərimiz olur. Mən də qayıtmaya bilərəm” söyləyib. Şəhid olmağını bir gün əvvəl bütün el-oba bilsə də anası ilə mən üzünütlər içində qalmışdıq. Sabahısı gün eşitdiyimiz acı xəbərdən, oğlumuzu torpağa tapşırandan hələ də özümüzə gələ bilməmişik. Dövlətimiz tərəfindən nə qədər qayğı göstərilsə də Nurlanımızın yoxluğunu bizim üçün qəbul etmək çox çətindir.

Şəhidin bacısı Aysel ilə telefon əlaqəsi yaradanda o, qəmli də olsa qururla danışdı: “Qardaşım Vətən yolunda şəhid oldu və Cənnəti qazandı. Şəhidlər ölməzdir. Nurlanın toyunu görmək arzusunda idik. Amma qismət olmadı. O qızım Nazlıya qarşı çox mehriban, qayğıkeş idi. Nazlı Vətən uğrunda şəhid olmuş dayısını unuda bilməsə də onunla fəxr edir.

Nurlan Gədəbəydə, Qazaxda tibb xidmətinin rəisi kimi fəaliyyət göstərəndə çox əziyyətlər çəkib. O zamanlar hətta iki dəfə düşmən tərəfindən snayperlə yaralanmışdır. Torpaq üstündə iş başında olarkən yuxusuz gecələr keçirərdi. O avqsutda işdən təxris olunanda çox sevindim. Düşündüm ki, daha Nurlandan ötrü narahat olmayacağam. Amma nə biləydim ki, bir aydan sonra onu ölümə səsləyən müharibə gözləyir.

Şəhid valideynləri ilə söhbəti tamamlayır, çiynimdə ağır yük varmış kimi onlardan ayrıldım. Həyətdə gözümə Nurlan Fərəməzovun şəkli vurulmuş maşın sataşdı. Şəkil altında yazılmış “Tibb xidməti baş leytenant” sözləri şəhidin qururlu baxışları ilə necə də uzlaşırdı.

Mayın 1-də 29 yaşını uğrunda şəhid olduğu torpaqda qarşılayacaq Nurlan Fərəməzov, şəhadətli doğum günün mübarək olsun! Allah səni rəhmət eləsin!

Nurlan Fərəməzov hərbi həkim kimi işlədiyi dövrdə fəaliyyəti fəxri fərmana və “Azərbaycan Silahlı Qüvvəllərinin Yaranmasının 100 illik yubiley” medalına layiq görülüb. Ölümündən sonra isə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.

Gülnar Əsədli