Astara Uşaq Musiqi Məktəbinin şagirdi Aysu Mustafazadə 2020-ci ilin may ayında Vladimir Kraynev adına pianoçuların IV beynəlxalq onlayn Moskva müsabiqəsinin birinci turunda İ.S.Bax, F.Şopen və M.Qlinkanın əsərlərindən ibarət 15 dəqiqəlik təqdimatla birinci turun qalibi olub.

Astarainfo.az xəbər verir ki, bu ilin yanvar ayında A.Mustafazadə yenidən müsabiqənin təşkilat komitəsi tərəfindən seçim turunu keçmədən IV onlayn beynəlxalq müsabiqəsinin yarımfinal mərhələsinə dəvət alıb.

Müsabiqənin şərtlərinə görə 20 dəqiqəlik proqram montajsız birdəfəlik çəkilərək münsiflər heyətinə təqdim olunub.

Aprelin 29-da münsiflər heyətinin qərarına əsasən, Aysu Mustafazadə beynəlxalq müsabiqənin diplomantı adına layiq görülüb.

Qeyd edək ki, A.Mustafazadə müəllimi Aybəniz Dadaşovanın rəhbərliyi ilə Azərbaycan, Rusiya, İspaniya və Fransada keçirilmiş bir çox nüfuzlu beynəlxalq müsabiqələrin qalibi və diplomantı olub.