Astaralı fermer Sadıx Əzimov rayonun Rüdəkənar kəndində zəhmətkeş ailədə doğulub. Atası Bəhlul kişi uzun müddət sovxozda sürücü, anası Rəziyyə xala isə sovxozda fəhlə işləyib. Evin böyük övladı olan Sadıx həyətyanı sahədə əkin və becərmə işlərində, sovxozda isə məhsul yığımı zamanı valideynlərinə yaxından köməklik göstərib. O, məktəbdə oxuduğu illərdə yaz və yay tətili günlərində sovxozda fəhlə işləyib.

Uşaq yaşlarından torpağa bağlılıq Sadıxın sonrakı ömür yolunu da müəyyənləşdirib. O, 1999-cu ildə “İlkin” kəndli-fermer təsərrüfatı yaradıb. Hazırda onun başçılıq etdiyi fermer təsərrüfatında 42 hektar çay plantasiyası, 10 pətək arı ailəsi var. Təsərrüfatda 30 nəfər işləyir.

Çayçılıq kəndli-fermer təsərrüfatının aparıcı sahəsidir. Mayın ikinci yarısından başlayaraq plantasiyalarda birinci çay yığımına başlanılacaq. Ona görə də çaybecərənlər sahələrdə becərmə işlərini davam etdirirlər. Çay kolları alaq otlarından təmizlənir, suvarma kanalları su ilə doldurulur.

Fermer Sadıx Əzimov çayçılığın həm ağır, həm də gəlirli təsərrüfat sahəsi olduğunu bildirib. Söhbətində deyib: “Çay çox zəhmət tələb edən bitkidir. Strateji əhəmiyyət daşıyan, insanların gündəlik məişətində istifadə edilən bu bitki əkiləndən 7 il sonra tam məhsul verir. Ancaq bir dəfə əkilən çay bitkisindən 100 ildən çox müddətdə, ildə 4 dəfə məhsul yığılır”.

Ötən il çay plantasiyalarından 50 tona yaxın yaşıl çay yarpağının yığıldığını söyləyən fermer, bu il yazın əvvəlində havaların quraq keçməsinə baxmayaraq, sahələrdə məhsulun bol olduğunu diqqətə çatdırıb.(AZƏRTAC)