Mayın 5-də Astara Rayon Heydər Əliyev Mərkəzinin, Astara Rayon Tarix-Diyarşünaslıq Muzeyinin və Astara şəhər 1 nömrəli tam orta məktəbinin birgə təşkilatçılığı ilə “Xalçaçı Günü”nə həsr olunmuş “Azərbaycan xalçaçılığı: keçmişdən gələcəyə” mövzusunda onlayn tədbir keçirilib.

Astarainfo.az  xəbər verir ki, onlayn tədbirdə çıxış edən Astara Rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova maddi və mənəvi sərvətimiz olan xalçaçılıq sənətinin Tunc dövründən başlayaraq bu günümüzə gəlib çatdığını bildirib. Qeyd edib ki, bu gün Azərbaycan xalçalarının sorağı dünyanın məşhur muzeylərindən gəlir.

Vurğulanıb ki, ölkəmizdə xalça sənətinin inkişafı ilə bağlı 2004-cü ildə “Azərbaycanda xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Qanun qəbul olunub. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Dövlət başçısının 2016-cı il mayın 5-də imzaladığı sərəncama əsasən, “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Artıq beşinci ildir ki, həmin tarix “Xalçaçı Günü” kimi qeyd edilir.

Azərbaycan xalçaçılığının beynəlxalq miqyasda təbliğində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mühüm xidmətlərinin olduğunu diqqətə çatdıran K.Səmədova Mehriban xanımın təşəbbüsü ilə 2010-cu ilin noyabr ayında UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin V sessiyasında Azərbaycan xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edildiyini söyləyib.

Astara Rayon Heydər Əliyev Mərkəzi fondunun baş mühafizi Elza Kazımova, Astara Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülzar İsmayılova, Astara şəhər 1 nömrəli tam orta məktəbin direktoru Xədicə Əliyeva, məktəbin tarix müəllimi Əsmər Əliyeva mövzu ilə bağlı çıxış ediblər. Qeyd olunub ki, xalçaçılar öz peşə bayramlarını əlamətdar bir dövrdə – milli dəyərlərimizin hamisi, ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində qeyd edirlər. Ulu Öndərin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev ölkəmizdə xalçaçılığın inkişafına böyük diqqət və qayğı göstərir.

Sonda Mərkəzin ekspozisiyasında təşkil olunmuş virtual sərgi nümayiş etdirilib.