Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı olması rəsmiləşmişdir.

Prezident İlham Əliyevin Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilmişdir.

Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri, ölkəmizin mədəniyyət beşiyi, Qafqazın konservatoriyası olmuşdur.

Sərəncam Şuşa şəhərinin bu statusunun bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması, xalqımızın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin dünyada tanıdılmasına xidmət edir.

Ermənistan Respublikasının işğalçı hərbi qüvvələri tərəfindən 1992-ci il mayın 8-də Şuşa şəhəri işğal edilmiş, burada xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi, vandalizm siyasəti həyata keçirilmişdir.

Vandalizmin davam etdiyi 29 il ərazində Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, 160-dək mədəniyyət və tarixi abidə, 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-maarif və kənd təsərrüfatı texnikumları, orta ixtisas musiqi məktəbi, 8 mədəniyyət evi, 14 klub, 2 kinoteatr, 3 muzey, turizm bazası, şərq musiqi alətləri fabriki dağıdılmış, məbədgah və məscidlər təhqir edilmiş, çox sayda nadir əlyazma nümunələri məhv edilmiş, 20 kitabxana yandırılmışdır.

Ordumuzun qətiyyətli mübarizəsi və qüdrəti sayəsində tarixi ədalət bərpa edilmiş, 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olunmuşdur.

Müzəffər Ali Baş Komandan “Şuşa bizimdir! Qarabağ bizimdir!” deyərək bu münasibətlə bütün Azərbaycan xalqını təbrik etmişdir:

· Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda, bəlkə də, ən xoşbəxt günlərimdən biridir.

· Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir!

· Əziz Şuşa, sən azadsan!

· Əziz Şuşa, biz qayıtmışıq!

· Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Azad edildikdən dərhal sonra şəhərə, onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin təxirəsalınmadan inventarizasiyası aparılmış, bərpa işlərinə başlanılmışdır.

Şuşanın azad olunması kimi onun yenidən bərpası, Azərbaycan mədəniyyətində öz layiqli yerini alması da Ulu Öndərin ən böyük hədəflərindən idi.

Azərbaycan mədəniyyətinin mühüm mərkəzlərindən olan Şuşanın qorunması Ulu Öndər Heydər Əliyevin xüsusi diqqətində olmuş, 1977-ci ildə onun təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilmişdir.

Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır.

Azad olunduqdan sonra bərpa-quruculuq işlərinin təşkilində çevikliyi və səmərəliliyi təmin etmək üçün Şuşada dövlət idarəetməsinə də böyük diqqət yetirilmişdir. Azərbaycan Prezidentinin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi məhz Şuşa rayonuna təyin edilmişdir.

Prezident İlham Əliyev hələ fevralın əvvəlində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində Şuşanın mədəniyyət paytaxtı elan ediləcəyini demişdi. Qeyd olunan Sərəncamın imzalanma tarixi kimi məhz 7 may tarixinin seçilməsi özündə mühüm mesajlar ehtiva edir.

Şuşa 1992-ci il mayın 8-də işğal olunmuşdu. Ermənilər sonradan hər il həmin günü qələbə bayramı kimi qeyd edir, dünyanın müxtəlif yerlərində yaşayan ermənilər həmin gün fərqli tədbirlərlə işğala beynəlxalq dəstək qazanmağa çalışır, şəhərin adını da təhrif edərək “Şuşi” kimi təqdim edirdilər.

1992-ci ildən sonra hər il mayın 8-ni bayram edən Ermənistan 29 il sonra bu tarixi Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı olması faktı ilə qarşılamağa məhkumdur.

Bununla dünya erməniliyinə mesaj verilir ki, “Şuşi” adlı bir şəhər yoxdur, olmayıb və heç vaxt olmayacaq.

Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi tariximizin saxtalaşdırılmasına “töhfə verən” digər dövlətlərə də mesajdır.

Ən mühüm mədəniyyət mərkəzlərimizin birindən Azərbaycan izini silmək üçün təəssüf ki, Ermənistanla yanaşı digər ölkələr də bilərəkdən və ya bilməyərəkdən iştirak etmişlər.

Azərbaycan İslam memarlığının, Qarabağ şəhərsalma ənənələrinin, Şuşanın türk-Cavanşir nəslinin yadigarlarından olan Yuxarı Gövhərağa məscidinin fars memarlıq abidəsi adı ilə “restavrasiya”sına, özgələşdirilməsinə cəhd edilmişdir.

Prezident İlham Əliyev çıxışlarında tariximizin belə özgələşdirilməsi cəhdlərini qətiyyətlə pisləmişdir:

· Əfsuslar olsun ki, bir ölkənin şirkəti bu çirkin əməllərdə onlarla şərik olub. Əlbəttə ki, Yuxarı Gövhərağa məscidinin təmiri qəbuledilməzdir. Çünki bizim icazəmiz olmadan, qanunsuz olaraq torpaqlarımıza gəlib, orada aylarla oturub, Ermənistanın kriminal xunta rejimi ilə əlbir olub bu məscidi guya təmir ediblər.

· Bizə belə təmir lazım deyil və heç kimi aldatmasın, heç kim bu yalana uymasın. Biz bütün məscidlərimizi yenidən təmir etdirəcəyik, yenidən bərpa edəcəyik.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın Şuşaya səfərləri zamanı ziyarət etdikləri obyektlərin hamısı – Şuşa Realnı məktəbi, Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri, Qazançı kilsəsi, Bülbülün ev muzeyi, Vaqifin türbəsi, Cıdır düzü tarixi dəyər daşıyır, şəhərin tarixin bütün mərhələlərində Azərbaycan xalqına məxsusluğunu simvolizə edir.

Sərəncamın 7 may tarixində imzalanması həm də Türkiyə Prezidentinin Azərbaycana gəlişindən əvvəl şəhərin statusunun rəsmiləşməsi, liderlərin səfəri haqda informasiyalarda dünyanın diqqətini Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı olmasına yönəldə bilər.

Əvvəlcədən anons edildiyi kimi, mədəniyyət paytaxtımız Şuşada “Xarıbülbül” musiqi festivalı keçiriləcək.

Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” musiqi festivalı ilk dəfə 1989-cu ilin may ayında Şuşanın əsrarəngiz Cıdır düzündə təşkil olunub.

32 ildən sonra keçiriləcək budəfəki “Xarıbülbül” festivalı Heydər Əliyev Fondu tərəfindən təşkil olunur.

Festival çərçivəsində Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim ediləcək, xalq mahnıları və klassik musiqidən ibarət proqram təşkil olunacaq.

Şuşanın mədəniyyət mərkəzi elan olunmasının daxili auditoriya üçün verilən mesajları da var.

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində Şuşanın müxtəlif qurumlar, oliqarxlar tərəfindən zəbt olunmasına yol verilməyəcəyini xüsusi qeyd etmişdi:

· Mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm!

· Bərpa ilə bağlı görüləcək işlərdə mütləq ictimai nəzarət olmalıdır.

· Mütəxəssislər, memarlar, tarixçilər, şuşalılar şəhəri necə görmək istədiklərinə özləri qərar verməlidir.

· Dağıdılmış şəhərlər tezliklə elə planlı şəkildə bərpa ediləcək ki, oraya qayıdacaq insanların rahatlığı təmin olunsun, müasir, güclü Azərbaycanın gücü bütün dünyaya nümayiş etdirilsin.

Şuşada bərpa edilən tarixi abidələr:

– Vaqifin məqbərəsi Heydər Əliyev Fondunun vəsaiti hesabına, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə bərpa edilir;

– Şuşa şəhərinin rəsm qalereyası bərpa edilərək yenə də rəsm qalereyası kimi fəaliyyət göstərəcək;

– Ötən əsrin 80-ci illərinin əvvəllərində inşa edilmiş “Qarabağ” mehmanxanası təmir-bərpa işlərindən sonra müasir səviyyəyə çatdırılacaq;

– Şuşa Xalça Muzeyi bərpa edilir;

– Keçmiş sanatoriya yenidənqurmadan sonra Park Otel kimi bu il istifadəyə veriləcək və qonaqlarını müasir səviyyədə qarşılaya biləcək;

– Şuşada “beş”, “dörd” və “üç” ulduzlu kiçik otellərin yaradılması nəzərdə tutulur;

– İstismar müddəti bitmiş “xruşşovka”larla bağlı tədbir görülür;

– Azərbaycan dövləti ermənilər tərəfindən baxımsız qaldığı üçün uçulub dağılmaqda olan xristian məbədlərinin bərpa edilməsini öz üzərinə götürüb.

Şuşanın bərpası şəhərə Azərbaycan ruhunun qayıdışıdır.

Şuşa nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir.

Prezident İlham Əliyev: Şuşanın girişində Azərbaycan bayrağı dalğalanır və bundan sonra əbədi dalğalanacaqdır.