Bəşər övladı əsrlər boyu çətin sınaqlara məruz qalıb. Amma miqyas, gərginlik, itki, qurbanlar və dağıntılara görə Böyük Vətən müharibəsinə tay olanı yoxdur.

1941-ci il iyunun 22-də Alman faşizmin Sovet ittifaqına hücum etməsindən 80 il ötür. Gözlənilməz müharibə Almaniyanın məğlub olması və Sovet İtiffaqının qələbəsi ilə qızıl hərflərlə tarixə həkk olundu. Bu dəhşətli, ölüm-itimli II Dünya Müharibəsində dünya xalqları iqtisadi və mənəvi böhranlar yaşasa da nəticədə bəşəriyyət faşizmin zülmündən qurtuldu.

Dörd ilə yaxın gecə gündüz davam edən bu müharibədə milyonlarla insan həlak oldu və itkin düşdü. Nəşləri vətənindən uzaqlarda “Qardaşlıq məzarında” gömüldü. Hitlerin siyasəti nəticəsində həbs düşərgələrində, zindanlarda insanların vəhşicəsinə öldürülməsi, şəhərlərin, kəndlərin, zavod, fabriklərin dağıdılması böyük fəlakət kimi hər kəsin qəlbində yaşamışdır.

Tarixin yaddaşında silinməz iz buraxmış Böyük Vətən Müharibəsində faizmin üzərində qələbənin qazanılmasında Azərbaycanın, onun misilsiz sərvətinin – neftin, eyni zamanda qəhrəman igidlərinin müstəsna rolu olub. 700 mindən artıq azərbaycanlının iştirak etdiyi müharibədə yüzlərlə insan həyatdan doymadan həlak oldu. Minlərlə vətənpərvər gəncliyini faşizmə qarşı mübarizəyə həsr etdi. Onlar ağır döyüş yolu keçdilər, səngərlərdə günlərlə ac-susuz qaldılar, tankların qurultusunu, güllələrin vıyıltısını, qılınc kimi kəsən şaxtanı yandırıb yaxan istini duydular, günahsız insanların qırılmasından yanıb-yaxıldılar, güllələrin atəşindən yaranan tüstünü nəfəslərinə çəkdilər, Leninqradın mühasirəsində, müdafiəsində, Moskvanın qorunmasında olmazın əzablarını yaşadılar və sonda Berlində Reyxstad üzərində qələbə bayrağının sancılmasının şahidi oldular.

Azərbaycanın hər bölgəsindən olduğu kimi “Cənub Mirvarisi” bölgəmizin, eyni zamanda Astaranın da bu dəhşətli müharibədə öz imzası var. Yüzlərlə astaralı Orduya getmiş döyüşdə həlak olmuş, itkin düşmüş, əksəriyyəti isə əlil, yarıcan vəziyyətdə hətta

bədənlərindəki qəlpələrlə geri dönmüşdülər. Astaradan üç nəfər Sovet İttifaqı Qəhrəmanı adına “ (Ziya Bunyadov, İlya Kaverin, Mirzə Cəbiyev), iki nəfər “Şöhrət Ordeni”nin üç dərəcəsinə (Ağasən Nəhmətov, Rəhmət Hətəmov) layiq görülüb. Bir çoxları isə medal və ordenlerlə təltif edilmişdir.

Böyük Vətən müharibəsində azərbaycanlılardan ibarət təşkil edilmiş atıcı diviziyaları, xüsusən “416” atıcı diviziyası “Taqanruq” kimi fəxri adla Berlində qəhrəmanlıqla döyüşmüşlər. Azərbaycanlılar istər cəbhədə istərsə partizan hərəkatında, istərsə də arxa cəbhədə böyük igidlik, fədakarlıq göstərmişdir. 131 nəfər Sovet İttifaqı Qqəhrəmanı adına layiq görülənlərin 64 nəfəri əsl azərbaycanlı olub. Cənub bölgəsinin aslanı general-mayor Həzi Aslanov bu fəxri ada 2 dəfə layiq görülmüş yeganə azərbaycanlıdır.

Ölkəmizdə Böyük Vətən Müharibəsinin veteranlarına həmişə xüsusi qayğı göstərilib, yüksək təqaüdlə, maşınla təmin edilibdir. “Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, II Dünya Mühribəsinin Veteranları bizim ən əziz mötəbər insanlarımızdır. Azərbaycan xalqı müstəqil Azərbaycan dövləti onların xidmətlərini heç bir zaman unutmayacaqdır”. Ümumilli lider Heydər Əliyevin ideyaları dünən yaşadığı kimi bu gün də uğurla həyata keçirilir. Veteranlar, onların ailəsi həqiqətən “əziz”, “mötəbər”, insan kimi xatırlanır, sağ qalanlar isə böyük qayğı ilə əhatə olunurlar.

İllər ömrümüzü naxışlaya-naxışlaya ötür. O öz işini görsə də veteranlar tədricən aramızdan getsə də tarix onu yazanlarla həmişə xatırlanır.

Bu gün dünya xalqları II Dünya Müharibəsində faşizmin zülmündən azad olunmasının – qələbənin 76-cı il dönümünü qeyd edirlər. Bu bayram ərəfəsində dünyasını dəyişən veteranlara Allahdan rəhmət, sağ qalanlara isə can sağlığı diləyirik.

Bütün xalqlar kimi Azərbaycan xalqının da bu müharibədə itkisi çox olsa da faşizmə qan udduran igidlərin qəhrəmanlığı bu günki gənc nəsil üçün həmişə örnək olub. Heç də təsadüfi deyil ki, tarixə qızıl hərflərlə yazılan Vətən müharibəsi 44 gün ərzində

qələbə ilə başa çatdı. Hərb tarixində misli görünməmiş qələbənin əldə edilıməsi Azərbaycan dövlətinin qüdrətini göstərdi. Qısa zaman kəsiyində müzəffər ordumuzun sıravi əsgərindən tutmuş onun generalına kimi hər kəs Vətən üçün ürəklə, milli qürur hissi ilə döyüşmüşdür. “Uf” demədən döyüşən igid ərənlər torpaqlarımızın bölünməzliyi uğrunda şəhid, qazi oldular. Çünki onlar sələflərinin yolunu davam etdirirdilər.

Bəli, Dəmir Yumruq Əməliyyatının misilsiz qələbəsi 8 Noyabr Zəfər Gününü tarixə yazdı.

1945-ci il 9 may qələbəsi unudulmadığı kimi 2020-ci ilin 8 Noyabr Zəfər Günü Azərbaycan tarixində qərinələri, əsrləri adlaya-adlaya yaşa dolacaq.

Əziz soydaşlarımız,Qələbə bayramınız, Zəfər Gününüz mübarək olsun!

Gülnar Əsədli