Azərbaycanın mədəniyyət paytaxtı Şuşa 12-13 may tarixlərində “Xarıbülbül” musiqi festivalına ev sahibliyi etdi.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Heydər Əliyev Fondunun təşkil etdiyi möhtəşəm “Xarıbülbül” musiqi festivalının keçirilməsi Qarabağın tarixi simasının, Şuşanın mədəniyyət mərkəzi statusunun bərpasını təcəssüm etdirir.

30 illik fasilədən sonra bu il birinci dəfə keçirilən “Xarıbülbül” musiqi festivalının şəhidlərimizin əziz xatirəsinə həsr olunması böyük əhəmiyyətə malikdir, 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin mədəniyyət sahəsində davamıdır.

Prezident İlham Əliyev: Biz bu günü bizim qəhrəman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq.

Bu ildən başlayaq hər il Şuşada “Xarıbülbül” musiqi festivalı keçiriləcək, eləcə də gələn il Şuşanın 270 illik yubileyi qeyd olunacaq.

Prezident İlham Əliyev: Şuşa Azərbaycan xalqının milli sərvətidir. Bu yaxınlarda Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi bunu bir daha göstərir.

Ermənilər nə qədər çalışsalar da, Şuşadan Azərbaycan ruhunu silə bilmədilər.

30 ildən sonra bərpa edilən festival sözün əsl mənasında milli birlik, qürur, zəfər, ləyaqət bayramına çevrildi.

Azərbaycan Şuşa şəhərini yenidən bərpa edir, dirçəldir, əvvəlki şöhrətinin qaytarılması üçün yeni dövr başlayır. Bu dövr milli qürur, milli ləyaqət və inkişaf, dirçəliş dövrüdür.

Prezident İlham Əliyev: Biz hər dəfə deyirdik ki, bu vəziyyətlə biz heç vaxt barışmayacağıq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik və bunu etdik.

Bəllidir ki, Ermənistanın rəsmi təbliğatı, xüsusi qurumları münaqişənin ilk günlərindən etibarən Azərbaycanda müxtəlif dini, etnik, linqvistik icmalar arasında təfriqə yaratmaq, Azərbaycan dövlətçiliyini zəiflətmək, parçalamaq üçün davamlı iş aparmış, bu məqsədlə mərkəzlər, təşkilatlar, KİV-lər qurulmuş, milyonlarla vəsait xərclənmişdir. Bu işdə xaricdəki erməni lobbisi, onların havadarları da kifayət qədər fəaliyyət göstərmişlər.

44 gün ərzində torpaqlarımızın işğaldan azad olunması üçün bütün etnik və dini icmaların nümayəndələri vahid amal, vahid bayraq altında birləşərək çiyin-çiyinə döyüşməklə bu təbliğatın, bu fəaliyyətin öz hədəfinə çatmadığını, mənasızlığını ortaya qoydu. Eyni zamanda, Azərbaycanda əsrlərlə mövcud olmuş tolerant mühitin, multikulturalizm ənənələrinin qorunmasına Prezident İlham Əliyevin hakimiyyəti illərində bu qədər diqqət ayrılmasının da nə qədər düzgün siyasət olmasını sübut etdi.

Vətən müharibəsindəki Qələbədə bütün icmaların payı, töhfəsi vardır. Azərbaycan Prezidentinin tövsiyəsi ilə builki “Xarinbülbül” festivalı həm də Azərbaycan multikulturalizm ənənələrinin simvoluna çevrildi.

Prezident İlham Əliyev: Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır, ölkəmizdə milli birlik, milli həmrəylik vardır.

Bu, bütün dünyaya Şuşadan, qədim torpağımızdan verilən mesaj idi.

Prezident İlham Əliyev: Ölkələr belə inkişaf etməlidir, ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur.

44 günlük müharibə bizim şanlı tariximizdir. 44 günün hər bir günü, xüsusən alınmaz qala hesab olunan Şuşanın azad olunması ayrıca bir qəhrəmanlıq dastanıdır.

“Xarıbülbül” festivalında gənc muğam ifaçısı tərəfindən “Bayatı Şiraz” muğamı üstündə Abbas Səhhətin “Vətən” şeiri ifa olunmuşdur. Bu parça illər əvvəl “Qarabağ bülbülləri” ansamblı tərəfindən hazırlanaraq ifa edilmiş, filmlərimizdə, tədbirlərdə dəfələrlə səsləndirilmişdir və işğal illərində azərbaycanlılar üçün xüsusi rəmzi əhəmiyyətə malik olmuşdur.

Həmin ifa Şuşaya Azərbaycan ruhunun, Azərbaycan mədəniyyətinin böyük qaydışının prelüdü də sayıla bilər.

Prezident İlham Əliyev: Bu gün Azərbaycan mədəniyyəti, Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri Şuşaya qayıdıblar və bu qayıdış reallıqdır, bu reallıqla hər kəs hesablaşmalıdır.

Bundan sonra azərbaycanlılar Şuşada əbədi yaşayacaqlar.

Bu qayıdışın digər bir simvolik başlanğıcı da Ramazan bayramı ilə bağlı Yuxarı Gövhərağa məscidində bayram namazının qılınmasıdır.

İndi Şuşanın Yuxarı Gövhərağa məscidində, işğaldan azad olunmuş digər ərazilərimizdə azan səsləri ucalır. Artıq məscidlərdə bayram namazı qılınır.

Festivalın məhz Ramazan bayramı ərəfəsində təşkil edilməsi də böyük əhəmiyyət kəsb etmişdir. Şuşa Pənahəli xanın dövründən dini dəyərlərə xüsusi diqqət yetirilən məkan kimi tanınıb. Azərbaycanlıların etnik təmizlənməsi həmişə tarixi-dini abidələrimizə qarşı vandalizm aktları ilə müşayiət olunub. İslamın Azərbaycan xalqının milli konsolidasiyasında, milli mədəniyyətinin qorunmasında müstəsna yeri var.

Prezident İlham Əliyev: Biz öz dini, milli, mənəvi köklərimizə bağlı olan xalqıq. Əks-təqdirdə, biz heç vaxt işğala son qoya bilməzdik.

Beş il bundan əvvəl Cocuq Mərcanlı işğaldan azad olunandan sonra orada Prezident İlham Əliyevin göstərişi ilə Şuşa məscidinin bənzəri olan məscid inşa edilmişdi və həmin məscidin açılışındakı çıxışında o demişdi ki, gün gələcək biz Şuşada məscidləri bərpa edəcəyik və yeni məscidlər tikiləcəkdir.

Prezident İlham Əliyev: Bu gün Ramazan bayramı ərəfəsində Şuşada yeni möhtəşəm məscidin təməli qoyuldu. Ermənilər tərəfindən qurudulmuş “Xan qızı Natəvan” bulağından bu gün su gəldi. Bütün bunlar böyük rəmzi məna daşıyır. Bax, bizim qayıdışımız budur.

 

Yaşasın Şuşa! Yaşasın Qarabağ! Yaşasın Azərbaycan!