44 günlük Vətən müharibəsində qədim Səncərədi kəndində 12 gənc Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidliyin zirvəsinə ucalıblar. Onlardan biri də Qeybiyev Arif İsmayıl oğludur.
Qeybiyev Arif İsmayıl oğlu 1997-ci il iyunun 6-da Səncərədi kəndində anadan olub. Bacısından sonra dünyaya gəlişi ata-ananı çox sevindirib. Axı “son beşik yurda keşik” deyiblər. Amma Arif ümumən Azərbaycana keşik oldu. O, erkən yaşlarında idmanla məşğul olduğuna görə Səncərədi kənd tam orta məktəbinin IX sinifindən ayırılıb, Astara Pedaqoji Kollecinin “Fiziki tərbiyyə” müəllimi fakültəsinə daxil olur. 2016-cı ildə kolleci bitirəndən sonra iyul ayında həqiqi hərbi xidmətə çağırılır. Naxçıxanda “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin atıcı əsgəri kimi komandiri tərəfindən fəxri fərmanla təltif olunan Arifin valideynləri də hərbi hissəsinin təşəkkür məktubunu alırlar.
Arif ordudan təxris olunandan sonra 2019-cu ildə yanvarın 7-də müddətdən artıq hərbi xidmətdə qalmaqdan ötrü 3 illik müqaviləyə imza atır. Artıq həyat yolunu seçən Arif Vətənə sədaqətlə xidmət etməyə başlayır. Ötən günlərdən danışmaq üçün eşitdiyi bəd xəbərdən hələ də çaş-baş qalmış həyat yoldaşı İranədən eşitdiklərim:
- Rayonumuzun Səlivə kəndində doğulmuşam, orta məktəbi bitirəndən sonra təhsilimi Astara Pedaqoji Kollecinin “Məktəbəqədər təlim tərbiyyə” şöbəsində davam etdirməyə qərar verdim. O zaman xəyalıma gəlməzdi ki, gələcək həyat yoldaşımla kollecdə qarşılaşacağam. Ariflə eyni qrupda oxumasamda onu yaxşı tanıyırdım. Düzü, bəzən söhbətimiz alınmayanda onu incidərdim. Bir dəfə telefon nömrəmi istəyəndə ona acıqlandım. İndi peşimançılıq çəkirəm ki, Vətən üçün canından keçən igidi nədən incitmiş, razılığımı gec vermişəm. Mərd, sözübütöv Ariflə iki il nişanlı qaldıq. Gözəl xarakteri ilə qohumlarımızın da hörmətini qazanmışdı. 2019-cu il aprelin 17-də ailə qurandan sonra onun işlədiyi yerdə əvvəl Ağcabədidə, sonra Füzulidə yaşadıq. 2020-ci ilin sentyabrın 10-da atası xəstə olduğuna görə işdən icazə alıb rayona qayıtdıq. Sentyabrın 15-də atası rəhmətə getdi. Yeddisi çıxandan sonra Arif sentyabrın 23-də iş yerinə qayıtmaq üçün bizdən ayrılanda onunla çoxluca şəkil çəkdik. Elə bil ürəyimə danmışdı ki, bu son gedişdir. O yeddi aylıq körpəsini qucaqlayıb, “Şəhid olsam, qızım gələcəkdə mənimlə fəxr edəcək” deyəndə mən “Nə danışırsan, ölümə gedirsən bəyəm” deyib ağladım. Sonra ağlar vəziyyətdə “Bəlkə getməyəsən, yaramız təzədir”,- dedim. Arif tərəddüdlə “Olmaz, vəziyyət çox gərgindir, həm də dostlarıma arxa çevirmək namərdlikdir. Qızımdan müğayat ol, mən olmasam da anamla bir-birinizə həyan olarsınız”,- deyərək gülə-gülə yola düşdü. İş yerinə çatan kimi zəngləşdik. Sentyabrın 27-də ondan mesaj aldım, “Yaşasın Azərbaycan, Vətən sağ olsun!”,- yazırdı. Tez telefonla danışdım, həyəcanla danışmağıma baxmayaraq Arif rahatcasına “Narahat olma, hər şey yaxşıdır”,-dedi. Bu son danışıq oldu. Səhər saat 11-i keçəndən sonra şəhid olub. Günortaüstü qara xəbəri eşitdik. Yeganə təsəllim onun körpəsidir. Onu Arifin adına layiq böyütməyə çalışacağam.
Arif Qeybiyev sentyabrın 27-də düşmənin əks hücüm əməliyyatına qarşı qəhrəmancasına döyüşən tankçılardan olub. Qızğın döyüş zamanı irəlidə gedən tankçı yoldaşının minalanmış əraziyə düşdüyünü görəndə onun harayına çatmaq istəyir. Lakin əcəl aman verməyir, arxadan düşmən snayperinə tuş gəlir. Komandiri Azad Hümmətov qan itirən Arifə “Döz Arif, sən ölməzsən” desə də Arif son nəfəsində qırxı çıxmamış atasının yanında basdırılmağını vəsiyyət edir.
Arifi böyük izdihamla son mənzilə yola salınmağını videolarda seyr edən komandiri “Xoş halına Arif, şəhid məqamına ucaldın, kaş bizə də nəsib olaydı” deyəndən bir ay sonra oktyabrın 27-də Vətən uğrunda şəhid olur.
Şəhid olmağı arzulayanları Allah rəhmət eləsin!
Füzulinin azad olunmasında cavan ömrü bir andaca sona çatmış, yeddi aylıq körpəsinin qığıltısından, onu əzizləməsindən doymamış, mərd, cəsur IV İslam Oyunları Olimpiadasının məşəlini Astarada alovlandırmış, yüngül atletika üzrə yarışların qalibi Arif Qeybiyev artıq yeddi aydır əbədiyyətə qovuşub. Həsrətinə dözə bilməyən ana, əndişələr içində üzülən həyat yoldaşı sanki göz yaşlarını dərdlərinə məlhəm bilirlər. Şəhidimiz hardan biləydi ki, onun yoxluğuna dözə bilməyən əzizləri bir ömür boyu yanıb-yaxılacaq, təsəlliləri acı göz yaşları, məzarlıq bir də ki, ötən xoş günləri xatırladan xatirələr və cansız şəkillər olacaq…
MAHHXHQ əsgəri Qeybiyev Arif İsmayıl oğlu Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib.
Gülnar Əsədli