Mayın 26-da Astara Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 28 May – Respublika Gününə həsr olunmuş “Tariximizin şanlı səhifəsi” mövzusunda videokonfrans keçirilib.

Astarainfo.az  xəbər verir ki, onlayn tədbirdə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Videokonfransda çıxış edən Astara Rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova bildirib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.

Onlayn tədbirdə Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış astaralı döyüşçü Samiq Rəhmənovun qardaşı Ramiq Rəhmənov, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Astara Pedaqoji Kollecinin direktoru Ağababa İbrahimov, Lənkəran Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Şadoğlan Bayramov və başqaları mövzu ilə bağlı çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, dövlətin bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi.

Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.

Bildirilib ki, XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi.

Diqqətə çatdırılıb ki, hazırda Ulu Öndərin siyasi kursu onun varisi, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrindən biridir. Məhz bu inkişaf nəticəsində Azərbaycan Ordusu Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 30 il düşmən tapdağı altında olan Dağlıq Qarabağı və onun ətraf rayonlarını işğaldan azad edərək ölkəmizin ərazi bütövlüyünü təmin etdi.