27 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçuku qəbul etmişdir. Cənab Prezident  bildirmişdir ki, elə sahə yoxdur ki, biz o sahədə əməkdaşlıq etməyək. İki qardaş ölkə kimi biz bütün sahələrdə qarşılıqlı hörmət və qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edirik. Bütün başqa sahələrdə olduğu kimi, təhsil sahəsində əməkdaşlıq sürətlə inkişaf edir.

Ölkələrimiz arasındakı əməkdaşlıq xalqlarımızın gələcəyinə xidmət etməlidir. Elə bir güclü müttəfiqlik yaratmışıq ki, gələcək nəsillər öz addımlarını bu müttəfiqliyə, bu qardaşlığa uyğun atmalıdırlar və indidən bir-birinə sıx bağlı olmalıdırlar. Bu məqsədlə müxtəlif tədbirlər – gənclər forumları, birgə təhsil proqramları və digər tədbirlər keçirilməlidir.

Türkiyə müharibənin ilk saatlarından Azərbaycana çox böyük siyasi və mənəvi dəstək göstərmişdir. Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk dəqiqələrdən, ilk saatlardan bəyanatlarla çıxış etmiş və demişdir ki, Türkiyə Azərbaycanın yanındadır.

Digər sahələrdə olduğu kimi təhsil sahəsində əməkdaşlıq olduqca önəmlidir. Çünki, gənc nəslin yetişdirilməsi, bir-birinə bağlı olması üçün çox önəmli addımlar atılmalıdır. İşğaldan azad olunmuş şəhərlərin baş planı hazırlanır və bu baş planların tərkib hissəsi kimi məktəblərin tikintisi nəzərdə tutulur. Şuşa şəhərində ermənilər tərəfindən dağıdılmış məktəbin təməli qoyulmuşdur. Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın səfəri çərçivəsində Türkiyə tərəfindən təklif edilmiş bir hədiyyə kimi, məktəbin də təməlqoyma mərasimi olub. Həm təhsil, təhsilin keyfiyyətinin qaldırılması, eyni zamanda, Türkiyə və Azərbaycan gənclərinin bir-birinə daha sıx bağlı olması ilə əlaqədar əlavə tədbirlər görülməlidir.

Peşə təhsili ilə bağlı işlər davam edir. Buna çox böyük ehtiyac var. Xüsusilə, azad edilmiş torpaqlarda və bütün ölkə üzrə yeni təhsilli kadrların hazırlanması çox böyük önəm daşıyır. Ona görə, azad edilmiş torpaqlarda ixtisaslar üzrə, o bölgələrin potensialına uyğun olaraq peşə məktəbləri yaradılmalıdır.

Təhsil proqramlarda, orta məktəblərdə və ali məktəblərdə, universitetlərdə tarix dərsliklərinə İkinci Qarabağ müharibəsi mövzusu mütləq salınmalıdır. Bizim bu şanlı tariximiz dəqiqliklə öyrənilməlidir. Çünki beynəlxalq mətbuatda bu günə qədər İkinci Qarabağ müharibəsi ilə bağlı yanlış və təhrif edilmiş məlumat dərc edilir. Real həqiqətləri, biz həm öz vətəndaşlarımıza, həm də dünyaya çatdırmalıyıq. Gənclər tarixi olduğu kimi bilməlidir. Təhrif edilmiş tarixin böyük təhlükələri var. Azərbaycan xalqının qanını axıdan daşnak-bolşevik bandalarının rəhbərləri qəhrəman kimi təqdim edilirdi. Qəhrəmanlar düşmən kimi göstərilirdi, düşmənlər qəhrəman kimi. Müstəqilliyə qovuşandan sonra real tarixi bildik. Ona görə, müasir tariximizi olduğu kimi təqdim etməliyik və bu sahədə çalışmalıyıq.