Gənclər və İdman Nazirliyi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası çərçivəsində aprel-iyun aylarında “Gənclərin vətənpərvərlik tərbiyəsində milli-mənəvi dəyərlərin rolu” mövzusunda onlayn zona konfranslarının keçirilməsini davam etdirir.

Astarainfo.az  nazirliyin saytına istinadla xəbər verir ki, növbəti tədbir Lənkəran-Astara iqtisadi zonasına daxil olan altı şəhər və rayonun gənclərinin iştirakı ilə keçirilib.
Tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Rəhim Rəhimli, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev, Lənkəran-Astara iqtisadi zonasına daxil olan şəhər və rayonların gəncləri çıxış edərək əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin uğurlu nəticələrindən, gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsindən və onların azərbaycançılıq ideyası ətrafında sıx birləşmələrindən söz açıblar. Çıxışlarda, həmçinin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin Azərbaycan Ordusunun hərbi qüdrətini və peşəkarlığını, eyni zamanda, xalqımızın həmrəyliyini və vətənpərvərliyini əks etdirdiyi diqqətə çatdırılıb. Bundan başqa, Azərbaycanın firavan gələcəyinin təmin olunmasında bilikli və milli-mənəvi dəyərlərimizə sadiq gənc nəslin yetişdirilməsinin önəmi vurğulanıb və bu istiqamətdə görülən işlərdən danışılıb.
Sonda konfrans iştirakçılarının sualları cavablandırılıb.