Astara Rayon Heydər Əliyev Mərkəzində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluş Günü xalqımızın şərəf tarixidir” mövzusunda videokonfrans keçirilib.

Onlayn tədbirdə Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının, Astara, Lənkəran, Lerik, Yardımlı, Quba, Samux Rayon Heydər Əliyev mərkəzlərinin, Astara Rayon Gənclər və İdman İdarəsinin, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin, Astara Pedaqoji Kollecinin əməkdaşları, tələbə-gənclər, yuxarı sinif şagirdləri iştirak ediblər.

Astarainfo.az  xəbər verir ki, videokonfransda ümummilli lider Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Onlayn tədbirdə Astara Rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Firudin Əhmədov, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Astara Pedaqoji Kollecinin direktoru Ağababa İbrahimov və başqaları mövzu ilə bağlı çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, 1993-cü ilin 15 iyun günü xalqımızın mübarizələrlə dolu yeni tarixinə yeni eranın başlanğıcı kimi daxil oldu. Bu gün ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda müstəqil dövlətçilik ənənələri formalaşdırıldı. Ulu Öndərin siyasi xadim kimi yürütdüyü siyasətin başlıca qayəsi Azərbaycanı hər bir vətəndaşının təhlükəsizliyini qoruya biləcək qədər qüdrətli dövlətə çevirmək olub.

Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyevin siyasəti onun varisi, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin bu möhtəşəm qalibiyyəti dünyaya səs saldı. Şanlı Azərbaycan Ordusunun böyük şücaəti, döyüş bacarığı, yenilməzliyi və böyük qalibiyyəti sayəsində indi üçrəngli bayrağımız Qarabağda dalğalanır.

Konfrans iştirakçıları Astara Rayon Heydər Əliyev Mərkəzinin foyesində təşkil olunmuş sərgi ilə tanış olublar.