Təhsil Nazirliyi və İnformatika üzrə Milli Olimpiada komandasının məğrur tərəfdaşı “Azercell Telekom” MMC proqramlaşdırma üzrə “AZERCELL CUP” müsabiqəsini elan edir. 5-7-ci sinif şagirdlərinin iştirak edə biləcəyi bu tədbir lider mobil operatorun 25 illik yubileyinə həsr olunub.

Müsabiqəyə qeydiyyat www.olimpiada.edu.az saytı üzərindən bu gündən iyunun 20-nə qədər davam edəcək. I tur onlayn şəkildə iyunun 27-də baş tutacaq. İki mərhələdən ibarət müsabiqənin final turu növbəti tədris ilinin əvvəlinə planlaşdırılıb. Qaliblər beynəlxalq olimpiadalara hazırlıq dərslərinə dəvət olunacaqlar.

Müsabiqənin əsas məqsədi rəqəmsal texnologiyalara, informatika elminə, kompüter mühəndisliyi və proqramlaşdırmaya marağı olan məktəblilərə dəstək olmaq, onların fərdi və elmi inkişafına töhfə verməkdir.

2017-ci ildən informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilir. Bu müddətdə Azərbaycanın bölgələrindən və paytaxt məktəblərindən olan şagirdlər fərqli yaş qrupları üzrə müxtəlif miqyaslı proqramlaşdırma müsabiqələrində ümumilikdə 25 medal qazanıb.

Müsabiqə haqqında əlavə məlumat üçün info@olimpiada.edu.az elektron ünvanına müraciət edə bilərsiniz.