2021-ci il 15 iyun tarixində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanmışdır.

Müttəfiqlik haqqında imzalanmış Bəyannamə iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Bəyannamədə göstərilən bütün müddəalar keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır.

Azərbaycan ilə Türkiyənin əməkdaşlıq əlaqələri unikal müttəfiqlik nümunəsidir. İmzalanmış Bəyannamə tarixə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir ki, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında isə Ulu Öndər Heydər Əliyev demişdir ki, “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. XXI əsrdə azad edilmiş Şuşada müttəfiqlik Bəyannaməsinin imzalanması bu cür yanaşma və fəlsəfənin əbədiləşdirilməsinin təcəssümüdür.

Strateji əhəmiyyət kəsb edən bütün əməkdaşlıq istiqamətlərini əhatə edən Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapıb: beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti. Həmçinin Bəyannamədə enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi göstərilir.

Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapır. Bu, tarixi nailiyyətdir. Bu, bir daha göstərir ki, biz bundan sonra da hər zaman bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik. Necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq.

Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapmışdır. Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu gün biz Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, biz əməli, praktiki işlərlə bu dəhlizi yaradırıq. Müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır.

İkinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatları böyük rol oynayıblar. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaqdır. Azərbaycan bu prosesdə istehsal mərkəzi kimi inkişaf edəcəkdir.

Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Qədim şəhərimiz olan Şuşadan verilən açıqlamalar bütün dünyaya səs salacaq, bunun böyük əks-sədası olacaq. Bu səfərin tarixi əhəmiyyəti bundan sonra uzun illər ərzində dillərdə

olacaqdır. Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyini nümayiş etdirir.

İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan Türkiyə Prezidenti Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə edib. Müharibənin ilk saatlarından Türkiyə Prezidenti bildirdi ki, Azərbaycan tək deyil. Bu həm bizi ruhlandırdı, eyni zamanda, müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı.

Şuşa şəhərində qardaş Türkiyənin baş konsulluğunun açılmasına dair qəbul olunmuş qərar iki ölkə arasında münasibətləri dərinləşdirməklə yanaşı, Türkiyənin işğaldan azad olunmuş ərazilərdə aparılacaq bərpa-quruculuq işlərində oynayacağı roldan xəbər verir.

İşğaldan azad olunmuş ərazilərin bərpası prosesi sürətlə həyata keçirilir. Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur.

Azərbaycanın Cənubi Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır