Astara rayonunda kənd təsərrüfatının ənənəvi və gəlirli sahələrindən biri çayçılıqdır. Rayonda çayçılığın inkişaf etdirilməsi prioritet məsələ kimi qarşıya qoyulub.

“Azərbaycan Respublikasında 2018-2027-ci illərdə çayçılığın inkişafına dair Dövlət Proqramı”nın icrası nəticəsində Astarada çayçılığın inkişaf etdirilməsi ilə bağlı görülən işlər sürətləndirilib, çay plantasiyalarının əkin sahəsi artırılıb.

Astara Rayon Statistika İdarəsindən Astarainfo.az-a  verilən məlumata görə, ölkəmizdə mövcud olan çay plantasiyalarının təxminən 26,4 faizi, çay istehsalının isə 60 faizi Astara rayonunun payına düşür.

Hazırda rayonda 272,5 hektar çay sahəsi var. İyulun 1-i vəziyyətinə görə, Astarada 324,3 ton və ya ötən ilin müvafiq dövrünə nisbətən 80,2 ton (32,9 faiz) çox məhsul yığılıb. Məhsuldarlıq isə 2,9 sentner artaraq 11,9 sentner təşkil edib.

Hazırda rayonun çay plantasiyalarında yaşıl çay yarpağı yığımı davam edir.