O, kasıb zəhmətkeş bir ailədə doğulmuşdur.Ağıllı, sakit zəhmətkeş bir uşaq kimi böyüdüyaşa doldu. Atası Mahir oğlu ilə həmişə qürur duyardı. Evlərdə işləməklə gündəlik çörək pulu qazanan bu zəhmətkeş insan tez-tez “Bilirsiniz, Əli gələcəkdə nə olacaq” və yaxud da arada “Heyf Əlidən, heyf”, – deyərdi.

Astarainfo.az xəbər verir ki, Ərçivan qəsəbə 2 saylı tam orta məktəbini bitirən Əli yaşıdları kimi hərbi xidmətə yollanıb. Mənfur düşmənə qonşu olan Ağdamda özünü nümunəvi, nizam intizama əməl edən bir əsgər kimi tanıtdığına görə qərargah rəisi tərəfindən xidməti ən yüksək səviyyədə yazılmış xasiyyətnamə və valideynlərinə təşəkkür məktubu ilə dəyərləndirilir. Hərbi xidmətini uğurla başa vuran Əli Feyziyev bir müddət valideynlərinin yanında qalandan sonra Bakıda marketlərin birində işə düzəlir. 5 il tanımadığı şəhərdə çalışqanlığı və səbri ilə böyük hörmət qazanır. Atasının qəfil ölümünü eşidəndə anasına və özündən kiçik hərbi xidmətdən yenicə qayıdan qardaşına dayaq olsun deyə doğulduğu torpağa-Ərçivana qayıdır. “Astara-Ərçivan” marşrutunda işə düzəlir. Həyat öz axarı ilə davam edərkən Vətən Müharibəsi başlanır.

Tovuz hadisələrində Ordumuzun təxribatçı düşmənə layiqli cavab verməsi və şəhidlərimizin olmasını eşidəndə “könüllü orduya gedəcəyəm”,-deyə düşünmüşdü. Ona görə də Vətən Müharibəsi başlananda Hərbi Komissarlığa könüllü müraciət etmişdir. Vətənin ərazi bütövlüyünün qorunmasında ötrü sevinclə ön xətdə yollanmışdır. O zaman qəzetimiz üçün ondan müsahibə götürəndə “Vətən uğrunda döyüşməyə, düşmənin başını əzməyə gedirəm”,- söyləmişdi. 26 yaşlı gənc hərbi xidmətdə olduğu kimi müharibədə də intizamlı, fədakar, döyüş dostlarının qayğısına qalan əsgər kimi seçilir. Demək olar ki, hər kəsin işinə yarayır. Döyüş tapşırıqlarından əlavə mənfur düşmənin qoyub qaçdığı evlərindən cəsurcasına ərzaqlar gətirməsi, heyvanları kəsib yemək bişirməsi ilə hər kəsin məhəbbətini qazanır. Rayonlarımız,kəndlərimiz işğaldan azad olunduqca Əli sevinir, “tezliklə qələbə bizim olacaq”,- desə də əfsuslar olsun ki, qələbəyə iki gün qalmış snayper gülləsindən ağır yaralanır və həyatını xilas etmək mümkün olmur. O, ailəsi ilə telefonla danışanda od alovun içində olsa belə “ qətiyyən narahat olmayın tezlikcə qələbə ilə qayıdacağam”,- deyərdi. Düzdür, o qayıtdı, özü də arzuladığı şəhidlik zirvəsi ilə… Qırx yaşında həyat yoldaşını itirmiş, dərdli Rəvayət ana və taleyi kəm 26 yaşlı Afətlə üzbəüz söhbətləşmək necə də ağır keçdi. Nə yazıq ki, özlərini ağır yükün altında hiss etsələr də baxışlarından qürur da duyulurdu. Hər şeydən xəbərsiz halda dörd yaşlı Ayxan yaş yarımlıq bacısı Mələklə oyuncaqları ilə gülə-gülə oynayarkən arabir dərin sükutumuz pozulurdu.

Rəvayət ananın söhbətindən :

– Balam uşaq ikən çox zəhmətkeş böyümüşdür. O, müharibədə də çox xeyirxah işlər görüb. Döyüş dostları onun üzür məclisində oğlumdan hər işə yararlı olmağından danışanda gözlərim yaşarsa da, belə oğul böyütdüyümə görə fəxr elədim. Bir dəfə telefonda Əlidən nə vaxt gələcəyini soruşanda o “ana haqqınızı halal edin” ,-deyib susmuşdu. Ondan sonra da xəbər ala bilmədik. Balam özü seçdi şəhidliyi, istəyinə də çatdı. Allah dövlətimizdən, xalqımızdan bizə dəstək olan hər kəsdən razı olsun! Könüllü orduya gedən və şəhidlik zirvəsinə ucalan Əli Feyziyev ilə qürur duyan Afət qəlb ağrıdıcı söhbətimizi beləcə tamamladı: – Əlidən mənə əmanət qalan iki körpəsinə həm ana, həm də ata məhəbbəti, nəvazişi göstərmək üçün ömrümü onlara sərf edəcəyəm.

Əli Mahir oğlu Feyziyev ölümündən sonra Prezidentin Sərəncamına əsasən “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. El-obamın cəsur, igid oğlu Əli, Allah səni rəhmət eləsin!

Gülnar Əsədli