Astara Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 52-ci ildönümünə həsr olunmuş “Zəmanəmizin dahi şəxsiyyəti” mövzusunda videokonfrans keçirilib.

Astarainfo.az xəbər verir ki, onlayn tədbirdə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Videokonfransda çıxış edən mərkəzin direktoru Kubra Səmədova bildirib ki, 1969-cu ilin 14 iyulu tarixə Azərbaycanda dirçəliş və inkişaf yolunun başlanğıcı kimi daxil olub. Həmin tarixdən etibarən Azərbaycana rəhbərlik edən ulu öndər Heydər Əliyev qüdrətli dövlət xadimi, mahir siyasətçi kimi Azərbaycanı nəinki keçmiş SSRİ-də və dünyada tanıdıb, həm də milli varlığımızı qoruyub saxlayıb. O illərin rəşadəti və şöhrəti XX əsr tariximizə qızıl hərflərlə yazılıb.

Tədbirdə Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Astara Pedaqoji Kollecinin direktoru Ağababa İbrahimov, Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının məsləhətçisi Rübabə Bağırova, Yardımlı Rayon Heydər Əliyev Mərkəzinin direktoru Aqil Ağayev və başqaları mövzuyla bağlı çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, ümummilli lider Heydər Əliyev nəinki müstəqil Azərbaycan dövlətçiliyinin əbədiliyini təmin edib, həm də müstəqil, milli dövlətçiliyin əsasını qoyub, yeni idarəçilik məktəbi yaradıb. Dahi şəxsiyyət özünün qurub-yaratdığı, şah əsəri olan müstəqil Azərbaycanın taleyini bu məktəbin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə əmanət edib. Bu gün ölkəmiz Ulu Öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında yeni nailiyyətlər qazanır.

Sonda Astara Rayon Heydər Əliyev Mərkəzinin və rayon Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə onlayn sərgi nümayiş olunub.