Son illər Astara rayonunda kənd təsərrüfatının ənənəvi sahələrindən olan çəltikçiliyin inkişafı, əhalinin düyüyə olan tələbatının ödənilməsi və çəltik istehsalının artırılması istiqamətində bir sıra əhəmiyyətli tədbirlər görülüb və bu sahədə müsbət nəticələr əldə olunub.

“Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlər rayonda çəltikçiliyin inkişafı üçün geniş imkanlar yaradıb.

Astara Rayon Statistika İdarəsindən Astarainfo.az-a  verilən məlumata əsasən, rayonun təsərrüfatlarında bu ilin məhsulu üçün 240,6 hektar sahədə çəltik əkilib. Bu, ötən illə müqayisədə 36 hektar və ya 17,6 faiz çoxdur.

Qeyd edək ki, Astara rayonunda çəltikçiliyin inkişafı üçün geniş perspektivlər var. Artıq bir neçə ildir bölgəmizin brendi olan, ekoloji cəhətdən təmiz və keyfiyyətli Astara düyüsünə bazarda tələbat böyükdür. Yerli düyüyə olan tələbat əkinçiləri çəltik sahələrini ildən-ilə artırmağa həvəsləndirir.

Çəltikçilik əsasən rayonun Səncərədi, Pensər, Kakalos və Ərçivan ərazi nümayəndəliklərində geniş yayılıb. Hazırda bütün ərazilərdə əkin sahələrinin aqrotexniki tələblər səviyyəsində becərilməsi üçün ciddi səylər göstərilir.