Şərqdə ilk mətbu orqanın yaradılması ötən əsrə təsadüf edir. Azərbaycanda Milli Mətbuatın təməli 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin işıq üzü görməsi ilə qoyulub.Öz  xalqını dərin məhəbbətlə sevmiş,onun  maariflnməsində fədakarcasına çalışmış qəzetin naşiri Həsən bəy Zərdabinin ideyaları ilə həyata vəsiqə almış “Əkinçi” rəmzi ad daşısa da, əslində xalqın maariflənməsində, onun cəhalətdən, nadanlıqdan uzaqlaşmasında böyük tərbiyəvi əhəmiyyət kəsb etmişdir. 56  nömrəsi işıq üzü görmüş “Əkinçi” öz fəaliyyəti ilə hətta beynəlxalq nüfuz qazanmışdır. Öz millətinin gələcəyini düşünən Həsən bəy Zərdabi çar senzurasının təqiblərindən cana doysa da, xeyirxah məsləyi uğrunda yorulmadan çalışırdı. O, Qafqazda  Azərbaycanca hürufat  olmadığından İstanbuldan onu satın alıb gətirirdi.

“Əkinçi”nin naşiri ümid edirdi ki, yalnız bu qəzet vasitəsilə nadan xalqın içində maarifçilik ideyalarını yaya bilər.

Əsrlər öncə Çar Rusiyasının tabeliyində olan Azərbaycanda “Əkinçi”nin həyata gəlişi o dövr üçün əlbəttə ki, böyük fədakarlıq olmaqla yanaşı, cəsarətli bir addım idi. Təəssüf ki, “Əkinçi” çar senzurasının təqiblərindən canını qurtara bilmədi və bağlandı. Amma işıqlı yolu gələcək nəsilləri aydınlığa çıxartdı.

Azərbaycanın ilk mətbu orqanından sonra işıq üzü görmüş “Molla Nəsrəddin” kimi maraqlı, böyük əhəmiyyət kəsb edən jurnalların, qəzetlərin nəşr olunması Azərbaycanın mətbuat tarixində mühüm dönüş yaratdı.

Böyük ustadımız, ədib Həsən bəy Zərdabi olduqca çətin şəraitdə , sıxıntılar içində qəzetin çap olunmasına nail olurdu. O zamanlar Azərbaycana qonaq gəlmiş fransız müxbiri onun çətin vəziyyətdə qəzet çıxartdığını görüb söyləmişdir: “Siz qəhrəmansınız, bizim Fransada bu cür yoxsul qəzetlər üçün işləyən adam  tapılmaz, görünür siz xalqınızı çox sevirsiniz”. Bəli, bu sözlərdə böyük həqiqət vardır. Həsən bəy Zərdabi millətini, Azərbaycan xalqını dərin məhəbbətlə sevdiyindən belə bir  məsuliyyəti gözə almışdır.

“Qəzet hər vilayətin aynasıdır”,- söyləmiş Həsən bəy Zərdabinin “Əkinçi”si ondan sonra işıq üzü görən mətbu orqanlara böyük və müsbət təsirini göstərmişdir.

Bu gün Azərbaycanın  milli mətbuat sahəsində böyük uğurları vardır. Bildiyimiz kimi çoxlu sayda fəaliyyət göstərən region qəzetləri arasında kifayət qədər oxucu məhəbbəti qazanan qəzetlərdən biri də “Astara”dır. Qürurla deyə bilərik ki, “Astara” fəaliyyət göstərdiyi illər  ərzində milli mətbuatımızın zəngin ənənələrini məsuliyyətlə davam etdirmiş, rayonun ictimai-siyasi, sosial-mədəni həyatında baş vermiş hadisələrin işıqlandırılmasında mətbu sözünün təsir gücündən lazımınca istifadə etmişdir.

1932-ci ildən indiyədək müxtəlif adlarla- “Ostoro Kolxozçu”, “Kolxoz tribunası”, “Sovet Astarası” adları ilə çıxmış rayon qəzeti  1991-ci ilin oktyabr ayından isə “Astara” adı ilə nəşr olunur.

İllər boyu qəzetin adları dəyişilsə də, amalı heç zaman dəyişilməmiş, səhifələrində zamanla səsləşən oxucu marağı qazanan, oxunaqlı yazılar dərc olunmaqdadır.

2017-ci ildən regionda ilk olan qəzetin xəbər saytı – “Astarainfo.az” fəaliyyətə başlamışdır. İnternetin geniş yayılıdğı bir dövrdə rayonun ictimai-siyasi həyatında baş verən hadisələr Astarainfo.az saytı və eyni adlı “facebook” və “instagram” hesabları  vasitəsilə dünyanın hər yerindən ictimaiyyətə çatdırılır.

“Astara” qəzetini yaşadan jurnalistlər Astaranı,onun  inkişaf sahələrini daha da tanıtmaq məqsədilə  qəzeti  ölkə səviyyəsinə çıxarmağa çalışır.

Enişli-yoxuşlu həm də çox maraqlı uzun yol gəlmiş “Əkinçi”nin 146 yaşı artıq tarixə qovuşur. Milli mətbuatımızın qaranquşu “Əkinçi”nin yaradıcısı, naşiri bu qəzetin yaşanmasında gərgin fəaliyyət göstərən  ulu sələfimiz  Həsən Bəy Zərdabinin irsi bu gün biz jurnalistlər üçün dəyişilməz əmanət, gözəl ərməğandır. Hər bir jurnalistin bu əmanəti qəlbinin atəşi ,qələminin kəsəri ilə hifz etməyə mənəvi haqqı vardır. Jurnalist ulu sələfindən öyüd götürməklə onun kimi düzü-düz ,əyrini-əyri işıqlandırmağa çalışmalıdır. Eyni zamanda hər bir fərd özünü “vilayətin aynası” olan qəzetdə görməli ,həqiqətin işıqlandırılmasına öz töhfəsini verməlidir.

Əziz oxucularımız, “Astara” qəzeti həmişə sizin maraq dairənizi nəzərə alaraq öz səhifələrində rəngarəng materiallar, rayonun ictimai-siyasi həyatından bəhs edən hadisələri işıqlandırmışdır. Bundan sonra da həqiqət carçısı kimi tarixi zəngin “Astara” ulu kökünə – “Əkinçi”yə söykənərək dövlətçiliyə sadiq mətbu orqanı kimi aydın sabahlara doğru addımlayacaqdır.

Bugünkü bayram –Milli Mətbuatın yaranması günündə bir anlıq  ötən illərə xəyal edəndə mətnbuat tarixində əməli fəaliyyəti ilə iz qoymuş ustadlarımız,xüsusilə də Həsən bəy Zərdabi göz önünə gəlir.İstər-istəməz qəlbimizdən  bir nida qopur.Ulu sələflərimiz ,Allah sizləri qəni-qəni rəhmət etsin,ruhlarınız şad olsun!

P.S

Çox dəyərli qələmdaşlarımız ,bayramımız mübarək! Gəlin,ötən əsrlərdə çətinliklər,sıxıntılar və təqiblərlə üz-üzə duran sələflərimizin bizlərə əmanət qoyduqları irsi uzun yol gəlmiş “Əkinçi”nin layiqli yolçuları kimi …

ürəyimizin atəşi,qələmimizin kəsəri ilə yaşadaq.

Qocaman, kökü dərinliklərdə olan ağacı xatırladan  Astranın səlnamsəsini yaşadan  89 yaşlı “Astara”nın bugünkü qələmi süngüyə çevirən əsgərləri

 

Gülnar Əsədli ,Əfsun Əlsəkərli