Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhərin küçə və prospektlərində nəqliyyat vasitələri və piyadaların rahat və təhlükəsiz hərəkətinin təmin olunması ilə əlaqədar nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Astarainfo.az-a verilən məlumata görə, yol polisi əməkdaşları şəhərin müxtəlif nöqtələrində dayanma-durma və parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə profilaktiki söhbətlər aparıb.

Reyd zamanı yol hərəkəti qaydalarını pozan sürücülər barəsində qanunamüvafiq tədbirlər görülüb.

Eyni zamanda, ictimai nəqliyyatda tibbi maska ilə bağlı tələbləri pozanlar, təhlükəsizlik kəmərindən istifadə etməyənlər də yol polisi əməkdaşları tərəfindən müəyyən olunub.

Xüsusi karantin rejiminin tələblərini pozan sürücülərin hər birinə yol verdikləri qayda pozuntuları izah olunmaqla, onlar barəsində inzibati protokollar tərtib olunub.