Astaralı idmançılar iyulun 25-27-də Bakı şəhərində, “Sərhədçi” İdman Olimpiya Mərkəzində Gənclər və İdman Nazirliyinin, Azərbaycan Budo Döyüş Növləri Federasiyasının birgə təşkilatçılığı ilə uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranma gününə həsr olunmuş budo döyüş növü üzrə Respublika birinciliyi və çempionatında 5 qızıl və 1 gümüş medal qazanıblar.

Astarainfo.az  xəbər verir ki, Respublika birinciliyində Free Contakt versiyası üzrə müxtəlif yaş qruplarında astaralı idmançılardan Mirzə Əliyev (+40 kq), Ümüd Zeynalov (38 kq), Elton Həbibzadə (39 kq), Elnur Babayev (29 kq) və Şahlar Rzayev (65 kq) birinci, Azad Babayev isə (35 kq) ikinci yerə sahib olublar.

Astaralı idmançıları yarışa məşqçilər-budo döyüş növü və VKC üzrə III dan Qara kəmər ustası Zamin Baxşiyev və Ramiq Rəhmanov hazırlayıblar.

İyulun 28-də Astara Rayon Gənclər və İdman İdarəsində Respublika birinciliyində uğur qazanmış idmançılar və onların məşqçiləri ilə görüş keçirilib.

İdmançıları və onların məşqçilərini qələbə münasibətilə təbrik edən idarənin rəisi Ərçə Əliyev, əldə edilmiş nailiyyətləri ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısının nəticəsi kimi dəyərləndirib.