İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən Fondun təklif etdiyi məhsul və xidmətlərlə bağlı maarifləndirmə işi çərçivəsində sahibkarlarla görüşlər davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən Astarainfo.az-a bildirilib ki, iyulun 28-də Sahibkarlığın İnkişafı Fondu tərəfindən “Güzəştli kreditlərin əldə edilməsində sahibkarların üzləşdiyi problemlər” mövzusunda onlayn görüş keçirilib. Görüşdə Lənkəran-Astara iqtisadi rayonunda fəaliyyət göstərən 40-a yaxın sahibkar iştirak edib.

Sahibkarlığın İnkişafı Fondunun Müvəkkil kredit təşkilatları və sahibkarlarla iş şöbəsinin müdiri Mahir Babayev, həmçinin Lənkəran-Astara regionunda fəaliyyət göstərən kredit təşkilatlarının təmsilçiləri və KOB dostları biznes nümayəndələrinin suallarını cavablandırıblar.

Görüş sahibkarların Fondun maliyyə dəstəyindən istifadəsi zamanı qarşılaşdıqları problemlərin müəyyən edilməsi və onların aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi məqsədilə təşkil edilib.

Belə tədbirlərin təşkilinin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.