Bu il AMEA Botanika İnstitutunun Algologiya və lixenobriologiya laboratoriyasının əməkdaşları Xəzər dənizinin və Azərbaycanın cənub-şərq rayonlarının alqoflorasının öyrənilməsi və meşə ekosistemlərinin lixenobrioloji qiymətləndirilməsi üzrə Astara rayonunda monitorinqlər aparıblar.

İnstitutdan Astarainfo.aza bildirilib ki, monitorinqin əsas məqsədi regionda antropogen təsirə məruz qalan çaylarda, göllərdə yosunların vəziyyəti və kontinental sututaralarında yayılması, regional alqofloraların ayrı-ayrı sistematik qruplarının müasir metodlarla öyrənilməsi və bioekoloji xüsusiyyətlərinin müəyyən edilməsi, həmçinin bitki müxtəlifliyinin vəziyyətinin qiymətləndirilməsi olub.

Astara rayonunda təşkil edilmiş ekspedisiya zamanı 10 marşrut (Astara – Deqədi , Astara – Vənəşikəş, Astara – Ujakənar, Astara – Pəlikeş, Astara – Şuvi, Astara – Təngərüd, Astara – Maşxan və s. kəndlər ətrafında) üzrə alqoloji, lixenoloji və brioloji nümunələr toplanılıb. Nəticədə 72 nüsxə lixenoloji herbari nümunəsi götürülüb. Herbari nümunələri vələs-palıdlı, palıd-vələsli və qarışıq meşələrdə (vələs, palıd, yemşan, göyrüş, zoğal, alma, fındıq, böyürtkən) ağac və kollarında müşahidə edilib. Həmçinin 78 nüsxə brioloji herbari nümunəsi yığılıb. Bioekoloji cəhətdən epifit, epilit, epigey qruplara aid növlər müşahidə olunub. Həmçinin 35 yosun nümunəsi ümumi qəbul edilmiş metodika ilə yığılıb və identifikasiya olunmaq üçün laboratoriyaya gətirilib. Bu növlər çox müxtəlif təqdim olunduğuna baxmayaraq, fitoplanktonda onların əksər hallarda sporadik şəkildə tək-tək saplı individumlar kimi rast gəlindiyi göstərilib. Əldə olunan nəticələr Azərbaycanın dəniz, su, quru ekosistemlərində yayılma yollarının müəyyən edılməsində, alqoloji və lixenobrioloji növlərin inventarlaşmasında və herbari fondunun zənginləşdirilməsində mühum rol oynayır.