Astara rayonunda sənayenin əsasını qida məhsulları istehsalı, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələri təşkil edir.

Altı ayda rayonda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 19 faiz artaraq 15 milyon 317,6 min manat təşkil edib.

Bu barədə Astarainfo.az-a  Astara Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, sənaye məhsulunun 41,1 faizi emal, 58,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 41,1 faiz təşkil edib.

Diqqətə çatdırılıb ki, bu ilin birinci yarısında istehlakçılara 14 milyon 940,8 min manatlıq məhsul göndərilib və sənaye xidmətləri göstərilib. Əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında iyulun 1-nə olan vəziyyətə rayonda 549,8 min manatlıq hazır məhsul olub.

Bu dövrdə rayonun emal sənayesində 6 milyon 298,7 min manatlıq məhsul istehsal edilib və sənaye xarakterli xidmətlər göstərilib.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda altı ay ərzində 8 milyon 923 min manat dəyərində məhsul istehsal olunmuş və xidmətlər göstərilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17 faiz artım qeydə alınıb.

Altı ayda rayonda 153,6 milyon kilovat-saat və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 21,2 faiz çox elektrik enerjisi istehsal olunub.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 95,9 min manata çataraq ötən ilin müvafiq dövrünə nisbətən 64,2 faiz artım qeydə alınıb.