Bu ilin birinci yarısında Astara rayonunda əhalinin sayı 0,3 faiz artaraq 110 min 845 nəfərə çatıb. Rayonda bir kvadrat kilometrə düşən əhalinin sayı 179 nəfər olub. Əhalinin ümumi sayının 30,7 faizini şəhər, 69,3 faizini kənd sakinləri, 50,3 faizini kişilər, 49,7 faizini qadınlar təşkil edir.

Bu barədə Astarainfo.az-a  Astara Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, altı ayda Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbəsi tərəfindən 650 doğulan körpə qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,1-dən 11,8-ə qədər azalıb. Körpələrdən 10-u əkiz doğulanlardır.

Bu dövrdə rayonda 350 ölüm halı qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,4-dən 6,4-ə qədər artıb.

Altı ayda Astara Rayon Qeydiyyat şöbəsi tərəfindən 201 nikah və 72 boşanma halları qeydə alınıb. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,5-dən 3,7-ə qədər, boşanmaların sayı isə 1,2-dən 1,3-ə qədər artıb.