Avqustun 4-də Astara rayonunun Artupa kəndində Rayon Gənclər və İdman İdarəsi, Artupa bələdiyyəsi ilə birgə keçirdiyi tədbirdə Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olan astaralı gizir Kazımov İlkinin doğum günündə xatirəsi ehtiramla anılıb.

Astarainfo.az  xəbər verir ki, anım tədbirinin iştirakçıları şəhidin məzarı önünə gül dəstələri düzərək ruhuna dualar oxuyublar.

Anım tədbirində qeyd olunub ki, 4 avqust 1995-ci il tarixində Astara rayonunun Artupa kəndində dünyaya göz açan, Milli Orduda gizir rütbəsində xidmət etmiş, Vətən müharibəsində 29 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olan Kazımov İlkin Xanəhməd oğlu göstərdiyi qəhrəmanlığına görə Prezidentin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.

Tədbir iştirakçıları şəhid İlkin Kazımovun məzarını ziyarət etdikdən sonra Artupa kənd məzarlığında uyuyan Vətən müharibəsinin şəhidi, gizir, tank komandiri, Prezidentin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Xəlilov Nadir Ağadadaş oğlunun və Vətən müharibəsinin şəhidi, əsgər, Prezidentin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş Səttarov Səxavət Qüdrət oğlunun məzarlarını da ziyarət ediblər.

Çıxışlarda qeyd olunub ki, Vətən müharibəsində Azərbaycan xalqının Vətən sevgisi, əzmkarlığı, iradəsi, xalq və ordunun ali məqsəd naminə həmrəyliyi, Ali Baş Komandanın qətiyyəti Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunmasında əsas amil olub. Şəhidlərimizin bu qələbədə ən çox payı var. Onların xatirəsini yad etmək böyüməkdə olan nəsil üçün parlaq nümunədir.