Ombudsmanın Cəlilabad Regional Mərkəzinin, Astara Rayon Gənclər və İdman İdarəsinin və Astara Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Narkomaniya və narkobiznes ilə mübarizə hər bir dövlətin, hər bir xalqın fiziki və şüurlu sağlamlığı uğrunda mübarizədir” mövzusunda videokonfrans keçirilib.
Astarainfo.az xəbər verir ki, onlayn tədbirdə çıxış edən Ombudsmanın Cəlilabad Regional Mərkəzinin Ziya İsmayılov narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlığın bu gün bütün dünyanı narahat edən əsas problemlərdən biri olduğunu bildirib. Qeyd olunub ki, Azərbaycan Respublikasında sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması məqsədilə narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilib. Ölkəmizdə bu sahədə aparılan islahatlar narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlıq problemlərinin həlli üçün cəmiyyətin, dövlətin və vətəndaş cəmiyyətinin səylərinin birləşdirilməsini, beynəlxalq əlaqələrin genişləndirilməsini və kompleks mübarizəni zəruri edib.
Bu gün Azərbaycanda ombudsmanın da fəaliyyətində narkomaniyaya qarşı mübarizə və bu sahədə maarifləndirmə işinə geniş yer verildiyini vurğulayan Z.İsmayılov, ombudsman tərəfindən narkomaniya ilə mübarizə sahəsində müsbət dəyişikliyə töhfə verəcək mühüm təkliflərin irəli sürüldüyünü iştirakçıların diqqətinə çatdırıb.
Videokonfransda Astara Rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev Astara Pedaqoji Kollecinin direktoru Ağababa İbrahimov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Astara rayon təşkilatının rəhbəri Asim Yusifov və başqaları mövzu ilə bağlı çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, narkomaniya və narkobiznes təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, həm də dünya iqtisadiyyatına ciddi zərbə vurur.
Sonda tədbir iştirakçıları Astara Rayon Heydər Əliyev Mərkəzinin və Astara Rayon Dövlət Rəsm Qalereyasının birgə təşkil etdiyi virtual sərgiyə baxıblar.