Bu ilin birinci yarısında Astara Suvarma Sistemləri İdarəsi rayonda suvarma sistemlərinin mühafizəsini, suvarma şəbəkələrinin, hidrotexniki qurğuların cari və əsaslı təmirini həyata keçirməklə, suvarma suyunun fermerlərə və məhsul istehsalçılarına vaxtında və itkisiz verilməsində, əkin sahələrinin meliorativ cəhətdən yaxşılaşdırılmasında müəyyən işlər görüb.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin Astara Suvarma Sistemləri İdarəsinin rəisi Habil Manafov bildirib ki, idarənin balansında 730,6 kilometr açıq və qapalı şəbəkələr, su tutumu 6,3 milyon kubmetr olan Lovayın Su Anbarı, 4 ədəd təsərrüfatlararası suvarma məntəqəsi, əhalini və sərhəd kommunikasiyaları mühafizə edən 13 min 887 kilometr uzunluğunda sahil mühafizə bəndləri mövcuddur.

İlin əvvəlindən bəri rayonun yaşayış məntəqələrinə, əkin sahələrinə, çaylara yaxın ərazilərdə yerləşən kommunikasiyaların qorunması, eləcə də sel sularının vura biləcəyi ziyanın qarşısının alınması üçün lazımi tədbirlər həyata keçirilib.

Bu ilin istismar tədbirləri planında nəzərdə tutulmuş cari təmir işlərinin davam etdirildiyini vurğulayan idarə rəisi rayondakı Pensərçayın Vaqo kəndi ərazisində uzunluğu 40 poqonometr olan dağılmış beton mühafizə bəndinin təmirinin başa çatdığını söyləyib.

O deyib: “İdarənin balansında olan 441,6 kilometr qapalı boru şəbəkələr 1970-ci ildə tikilib istifadəyə verilib. Bu müddət ərzində qapalı şəbəkələrdə cari və əsaslı təmir işlərinin aparılmasına baxmayaraq, istismar müddəti keçən şəbəkələrdə tez-tez qəza vəziyyəti yaranır. Bunu nəzərə alaraq qapalı şəbəkələrə vaxtaşırı olaraq texniki baxış keçirilir, təmirə ehtiyacı olan yerlər müəyyən edilir. Rayonun Çayoba və Pensər kəndləri ərazisində sıradan çıxmış boruların qaynaqlanması və yenisi ilə əvəz olunması istiqamətində işlər davam etdirilir”.

Bu ilin əvvəlindən başlayaraq həm təsərrüfatdaxili, həm də təsərrüfatlararası kanallarda lildən təmizləmə işlərinin görüldüyünü deyən H.Manafov rayonun Artupa, Səncərədi, Alaşa, Suparibağ, Kakalos, Şahağac, Balaca Şahağac, Pensər, Çayoba kəndlərinin, Ərçivan qəsəbəsinin və Astara şəhərinin Kələdəhnə yaşayış məntəqəsinin ərazilərində 67 min 600 poqonometr kanalın təmizləndiyini bildirib.

H.Manafov daha sonra deyib: “İdarəmiz 250 hektar çəltik, 998 hektar örüş, 1145 hektar təbii biçənəklər və yonca, 1111 hektar bostan və tərəvəz sahələrinə, 272 hektar çay plantasiyasına və 743 hektar sitrus bağları olmaqla, 4514 hektar suvarılan əkin sahəsinə xidmət göstərir. Bu il havaların quraqlıq keçməsinə baxmayaraq, fermerləri və məhsul istehsalçılarını lazımi qədər suvarma suyu ilə təmin edirik. Dörd mənbədən – Astaraçay, Pensərçay, Lovayın və Xanbulan su anbarlarından suyu götürərək əkin sahələrinə veririk. Hazırda əkin sahələrinin suvarılması davam edir”.//Azərtac