Astara rayonunun Asxanakəran kəndində şəhidlərini xatirəsini əbədiləşdirilməsi məqsədilə inşa edilmiş “Şəhidlər” abidə kompleksinin, bulağın və Milli Qəhrəman şəhid general-mayor Polad Həşimovun büstünün açılış mərasimi keçirilib.

Astarainfo.az  xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Asxanakaran kənd ərazi icra nümayəndəsi Səlahəddin Əliyev, Lənkəran Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Astara rayonu üzrə nümayəndə Şadoğlan Bayramov, Astara Rayon Mədəniyyət Mərkəzinin direktoru Hacıbala Ramazanov, Asxanakəran kənd tam orta məktəbinin direktoru Əlican Hacıyev və başqaları çıxış ediblər.

Çıxış edənlər Birinci Qarabağ və Vətən müharibələrində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən astaralı döyüşçülərin qəhrəmanlıqlarından danışıblar.

Qeyd olunub ki, ucqar dağ kəndində inşa edilmiş abidə kompleksi şəhidlərin xatirəsinə ən gözəl töhfədir, bura gənclərin and yerinə çevriləcək.

Mərasimdə çıxış edən şəhid Pəncəli Teymurovun qardaşı Famil Teymurov və şəhid atası Osmanağa Rüstəmov ölkəmizdə müharibə iştirakçılarına, şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısını yüksək dəyərləndirərək, abidə-kompleksinin tikintisində əməyi olan insanlara minnətdarlıqlarını bildiriblər.

Tədbirdə Asxanakəran kənd tam orta məktəbinin şagirdləri hərbi-vətənpərvərlik mövzusunda şeirlər ifa ediblər.