ABŞ Prezidenti Co Bayden Əfqanıstanda yaşanan hadisələr barədə açıqlama yayıb.
Astarainfo.az
 “TASS”a istinadla xəbər verir ki, Bayden qoşunların çıxarılmasından peşman olmadığını dilə gətirib:
“ABŞ qoşunlarının başqa bir ölkədə vətəndaş müharibəsində iştirak etməsi milli maraqlarımıza uyğun deyildi. Qərarıma tam sadiqəm, peşman deyiləm. Çünki, əks halda ABŞ ordusu üçün itkilər ola bilərdi. Mən prezident vəzifəsinə başlayanda Donald Trampın “Taliban” hərəkatı ilə əldə etdiyi razılaşmanı davam etdirdim. Onun razılığına əsasən ABŞ qüvvələri 1 may 2021-ci ilə qədər Əfqanıstandan çıxmalı idi. Prezident olaraq etməli olduğum seçim bu razılaşmanı yerinə yetirmək və ya “Taliban”la mübarizəyə davam etmək idi”.
Bayden çıxışı zamanı Əfqanıstandan çıxmaq barədə seçimin daha doğru olduğunu bildirib. Çünki, Əfqanıstan hökuməti lazım olan dirənişi göstərmədi:
“ABŞ-ın güclü dəstəyinə baxmayaraq Əfqanıstan rəhbərliyi “Taliban”a qarşı mübarizədə təslim oldu. Biz bu müharibəni əfqanların əvəzinə davam etdirməli deyildik. Nə oldu? Əfqanıstanın siyasi rəhbərliyi təslim oldu və ölkəni tərk etdi. Əfqanıstanın silahlı qüvvələri dağıldı, bəzən hətta döyüşməyə belə cəhd etmədilər”.
Baydenin sözlərinə görə, ABŞ Əfqanıstanın hökumət qüvvələrinə “Taliban”ı məğlub etmək üçün lazım olan hər şeyi verib:
“Biz bir trilyon dollardan çox pul xərclədik. 300 min Əfqanıstan silahlı qüvvəsini silah və hərbi texnika ilə təmin etdik. İnanılmaz dərəcədə yaxşı silahları vardı, NATO müttəfiqlərimizdən daha çox əsgəri vardı. Gələcək barədə qərar vermələri üçün onlara hər imkanı verdik. Onlara verə bilmədiyimiz yeganə şey iradə idi”.