Xəbər verildiyi kimi Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Türkiyədə meşə yanğınları ilə mübarizə üçün göndərilmiş qüvvələrinin bir hissəsi missiyasını tamamlayaraq Azərbaycana dönüb. Yanğınsöndürən-xilasedici qüvvələrini Muğladan yola salan yanğınsöndürmə könüllüləri azərbaycanlı əsgərlərin hər birinə ayrı-ayrılıqda təşəkkür məktubu təqdim ediblər. Azərbaycanlı yanğınsöndürənlərin bəziləri həmin məktubları oxuyarkən göz yaşlarını saxlaya bilməyib.
Türkiyə KİV-ləri yazırlar ki, azərbaycanlı yanğınsöndürənlər ötən axşam təşkil edilən mərasimlə quru və hava yolu ilə vətənlərinə yola salınıblar. Azərbaycan Türkiyədəki meşə yanğınları ilə mübarizə üçün 94 yanğınsöndürən maşın, 2 vertolyot və bir amfibiya-təyyarə, 750-yə yaxın canlı qüvvə göndərmişdi.
Yola salma mərasimindən əvvəl Marmarisin yanğınsöndürmə könüllüləri qrupu onlar üçün təşəkkür məktubu hazırlayıblar. Könüllülər məktubları çap edə bilmək üçün gecə saatlarında Muğlada müxtəlif iş yerlərini açdırıblar. Onlar məktubları gecə yarısı quru yolu ilə yola salınan yanğınsöndürənlərə təqdim ediblər, bu gün səhər saatlarında isə hava yoluyla-2 təyyarə ilə yola salınan 348 azərbaycanlı yanğınsöndürənlər könüllülərdən təşəkkür məktubları alıb. Onlardan bəziləri məktubları oxuyarkən ağlayıb.
Azərbaycanlı yanğınsöndürənləri kövrəldib ağladan həmin məktubda deyilir:

“Mənim Əziz Qardaşım,
İçimizdə dərin sızıltı, böyük yanğı və ümidlərlə gözlədik sizi. Gəldiniz. Onsuz da həmişə gəlmirsinizmi? Qürur və sevinclə qarşıladığımız siz canlarımızı indi Azərbaycan mahnılarının o dərin notları ilə yola salırıq, biləsiniz.
Nazim Hikmətin gələcək dünya xəyalının gerçəkləşdiyi ölkə, ortaq dil, ortaq mədəniyyət və oxşar taleləri paylaşdığımız gözəl Azərbaycan; odu yandıran da, söndürən də insandır. Oddan bir iz qaldı yenə ortaq ürəklərimizdə və yenə ilk sən su səpməyə qaçıb gəldin. Sevgi və hörmətlərlə dolu xatirələrimizə bir yenisini də əlavə etdin. Beyindən qəlbə gedən bütün yollar sənə aparır, canım qardaşım, minnətdarlığımızı qəbul et.
Bu qocaman, yalan dünyada eyni ürək döyüntüsündə sevincləri və kədərləri bölüşdüyümüz diyarınıza bizdən salam götürün. Nəsiminin dediyi kimi: “Cahanın hasili sənsən, onu sənsiz neylər könlüm”.
Yolunuz açıq olsun.
Türk Xalqı, Yanğın Yeri Könüllüləri”. //nuhcixan.az