Qəbələ Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyinin, Azərbaycan Çoxmübarizəli İdman Döyüş Növləri Federasiyasının birgə təşkilatçılığı ilə uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun xatirəsinə həsr olunmuş çoxmübarizəli idman döyüş növləri üzrə respublika birinciliyi keçirilib.

Astarainfo.az  xəbər verir ki, iki gün davam edən respublika birinciliyində astaralı idmançılar 6 qızıl və 1 gümüş medal qazanıblar.

Yarışda astaralı idmançılardan Rəvan Bayramov (57 kq), Qulam Əskərli (55 kq), Təhməz Şabanov (48 kq), Amal Əkbərov (55 kq), Ümüd Zeynalov (40 kq) və Elnur Babayev (29 kq) birinci yeri tutaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər.

Digər astaralı idmançı-Azad Babayev isə 35 kiloqram çəki dərəcəsində gümüş medal qazanıb.

Qaliblərə diplomlar, medallar və xatirə kubokları təqdim olunub.

Qeyd edək ki, astaralı idmançıları yarışa məşqçilər-VKC üzrə III dan Qara kəmər ustası Zamin Baxşiyev və Budo döyüş növü üzrə VI dan Qara kəmər ustası Ramiq Rəhmanov hazırlayıblar.

Avqustun 23-də Astara Rayon Gənclər və İdman İdarəsində Respublika birinciliyində uğur qazanmış idmançılar və onların məşqçiləri ilə görüş keçirilib.

Görüşdə çıxış edənlər idmançıları və onların məşqçilərini qazandıqları qələbə münasibətilə təbrik edərək, ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına göstərilən dövlət dəstəyindən danışıblar.