O,çoxuşaqlı ailədə böyümüş,zəhmətin ,ruzigarın  çətinliyini erkən yaşlarında dadmış,necə deyərlər,isti-soyuqda canı bərkimişdi.Ailədə böyüyən 11 uşağın hər birinin özünəməxsus xarakteri,xasiyyəti olduğu kimi Zülfi də gözəl əqidəsi,qorxmazlığı ilə seçilirdi.

1977 ci il fevralın 1-də soyuq qış günündə Vaqo kəndində yeni körpənin dünyaya gəlməsi valideynlərini sevindirmişdi.Körpənin doğulması ilə ailənin ruzisi də artmışdı.Adı Zülfi çağrılan körpə qayğılarla böyüyür,yaşa dolur ,məktəbə yollanır.Məktəbdə “Ana”,”Vətən” sözlərini öyrənir. Siyakü kənd orta məktəbini bitirəndən sonra yaşıdları kimi hərbi xidmətdə olur.Andiçmə mərasimində  orta məktəbdə öyrəndiyi  bu kəlimələri  xatırlayır.Xoş təəssürat əxz etdiyindən hərbçi olmağı qərara alır.Əsgərlik xidmətini başa vurandan sonra doğulduğu kəndə qayıdır,fikrini ailədə bildirir,atası ilə məsləhətləşir.

Ötən günləri yaddaşı zəifləmiş yaşlı valideynləri tam xatırlaya bilməsələr də 90 yaşlı Ağalı kişi Zülfinin Vətənə olan bağlılığından ,hərbçi peşəsinə könül verməsindən ağız dolusu danışdı:

“Oğlum olduğundn demirəm,inanın ki,Zülfi çox əqidəli,vicdanlı,dövləti sevən,təşkilatçılığı bacaran gənc idi.Arzusunu mənə bildirəndə ona dəstək oldum,Bakıya apardım.Həmin il imtahanlara gecikdiyindən qəbul ola bilmədi.Növbəti ili  Bakıda Gizirlər hazırlayan məktəbə qəbul ediləndə çox sevinirdi.Altı ay oxuyub  kursu başa vurandan sonra təyinatını Naxçıvana verdilər.Sonra başqa rayonlarda işlədi.Sonuncu iş yeri Füzuli olub.Hər dəfə işindən danıpşanda hiss edirdim ki,peşəsi çətin,məsuliyyətli olmağına baxmayaraq,hərbçi olmağından çox razidir.Deyilər saxsı qab su yolunda sınar.Zülfi balam da çox sevdiyi Vətənin yolunda şəhid oldu.Ondan əvvəl də qəlbimizə dağ çəkilib.Övladlarımdan Eldar Rusiyada naməlum səbəblərə görə qətlə yetirilib.Bəylər Çernobl,Teymur isə birinci Qarabağ əlilidir.Allaha şükr etməkdən başqa əlimizdən nə gəlir.”

11 uşaq dünyaya gətirən,iki oğlunu cavan ikən torpağa verən Balanisə ana həyat yoldaşına qulaq asdıqca  göz yaşları aram-aram yanağına süzlürdü.İçində yana-yana ağlayan dərdli ağbirçəkdən nəsə soruşmağa da çəkinirdik.Bir də ki,onun qüssəli baxışları,xısın-xısın ağlamağı elə hər şeyi bəlli edirdi.

44 gün davam edən Vətən müharibəsində qəhrəmancasına  şəhid olan Zülfinin özündən sonra kədərli xatirələri ilə yanaşı  5-ci sinifdə oxuyan oğlu Orxan əzizlərinə yadigar qalıb.

Həyat yoldaşı Kəmalə xanım deyir ki,Zülfi oğlunu oxutdurmaq arzusunda idi. Onun yadigarını cəmiyyətin layiqli vətəndaşı,Vətənə,dövlətə sadiq gənc kimi yetişdirməyə çalışacağam.Orxanı  əsl şəhid övladı kimi cəmiyyətdə tanıdacağam,-dedi.

2020-ci ilin sentyabrın 27-də 44 günlük Vətən müharibəsində şirin canını sevdiyi Vətən uğrunda qurban vermiş baş gizir Zülfi Ağalı oğlu Ağayev ölümündən sonra Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda “ və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Gülnar Əsədli