Şağan Olimpiya İdman Kompleksində Azərbaycan Həvəskar və Peşəkar Free Fightinq Döyüş Mərkəzinin təşkilatçılığı ilə Free Fightinq idman növü üzrə Respublika turniri keçirilib.
Astarainfo.az xəbər verir ki, iki gün davam edən Respublika turnirində əzmkarlıq və ustalıq nümayiş etdirən astaralı idmançılar 6 qızıl, 5 gümüş medal qazanıblar.
Stance Fight (K-1) versiyası üzrə yarışlarda astaralı idmançılar Azad Babayev (35 kq), Elnur Babayev (28 kq), Abbas Həsənzadə (19 kq) birinci, Orxan Mirzəyev (46 kq), Ümid Zeynalov (37 kq), Hüseyn Həsənzadə (37 kq), Qurban Baxşiyev (25 kq) ikinci yerlərə sahib olublar.
Free Fightinq (MMA) versiyası üzrə yarışlarda isə astaralı idmançılardan Şahlar Rzayev (62 kq), Orxan Məmmədzadə (60 kq), Əli Qənbərov (59 kq) birinci, Rəvan Bayramov (56 kq) isə ikinci yerləri tutublar.
Astaralı idmançıları yarışa məşqçilər – VKC üzrə III dan Qara kəmər ustası Zamin Baxşiyev və Budo döyüş növü üzrə VI dan Qara kəmər ustası Ramiq Rəhmanov hazırlayıblar.
Avqustun 30-da Astara Rayon Gənclər və İdman İdarəsində Respublika turnirində uğur qazanmış idmançılar və onların məşqçiləri ilə görüş keçirilib.
Görüşdə çıxış edənlər idmançıları və məşqçilərini qazanılmış uğur münasibətilə təbrik edərək, onlara yeni-yeni qələbə sevincləri arzulayıblar.