Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Lənkəran rayonunun Osakücə kənd məscidi dini icmasının təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin ailələrinin üzvləri ilə görüşlər davam etdirilir.

Astarainfo.az  xəbər verir ki, layihə çərçivəsində Astara rayonunun Alaşa kəndində Vətən müharibəsində qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalmış Nihad Əhmədov, Vüsal Nəhmətov və Telman Nəhmətovun ailəsinin üzvləri ilə görüş keçirilib.

Görüşlərdə Sosial Xidmətlər Agentliyinin 13 saylı filialının müdiri Ramin Hüccətov, Lənkəran Sosial və Aqrar-Texnoloji Kollecinin ictimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi Cəmil Quliyev, Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşı Cəmil Axundzadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli və Elnur Ağayev, Astara rayonu Alaşa kənd məscidi dini icmasının sədri, şəhid atası Təyyar Nəhmətov və kənd məscidinin imamı Əbülfəz Nəhmətov iştirak ediblər.

Şəhid ailələrinin problemləri ilə maraqlanan tədbir iştirakçıları, onlara müqəddəs Qurani-Kərim və hədiyyələr təqdim ediblər. Görüş iştirakçıları hər üç şəhidin məzarı önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, onların ruhlarına dualar oxuyublar.