Astara Rayon İcra Hakimiyyətində təhsil, mədəniyyət, incəsənət və idman sahəsində müvəffəqiyyət qazanan, xüsusi nailiyyətləri olan gənclərlə görüşlərin keçirilməsi ənənəvi xarakter daşıyır. Pandemiya dövründə belə görüşlərin sırası seyrəlsə də, rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev gənclərin problemləri ilə daim maraqlanır, daha böyük uğurlar qazanmaları üçün maddi və mənəvi köməklik göstərir.

Növbəti belə bir görüş bu ilin may ayında Monteneqronun Budva şəhərində və iyun ayında Belarusiyanın paytaxtı Minsk şəhərində yeniyetmələr arasında keçirilən boks üzrə Beynəlxalq turnirlərin qalibi olmuş Ərçivan qəsəbə 3 saylı tam orta məktəbin IX sinif şagirdi Qasımzadə Məhəmmədəli Zöhrab oğlu ilə olmuşdur.

Məhəmmədəli Qasımzadə 12 ölkə idmançılarının iştirakı ilə boks üzrə keçirilən hər iki Beynəlxalq turnirdə bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmış, çempion adını qazanmışdır.

Bu ilin iyul ayında Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən Avropa birinciliyində də Məhəmmədəli Qasımzadə qaliblər sırasında olmuşdur. Finalda Rusiya idmançısına uduzan boksçumuz ikinci yerlə kifayətlənərək gümüş medal qazanmışdır.

Bu mötəbər beynəlxalq turnirlərdə əzmkarlıq göstərərək qalib gələn Məhəmmədəlinin şərəfinə Azərbaycanın Dövlət Himni səsləndirilmiş, Bayrağı ucaldılmışdır.

Xatırladaq ki, idman ustası, boks üzrə məşqçi Nurlan Məmmədovun rəhbərliyi altında çalışan Məhəmmədəli Qasımzadə 2019-cu ildə məktəblilər arasında keçirilən Avropa çempionatının da qalibi olmuşdur.

Bu yüksək nailiyyətlərinə görə Məhəmmədəli Qasımzadəni təbrik edən rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev ona gələcək yarışlarda uğurlar diləmiş, qiymətli hədiyyə ilə mükafatlandırmışdır.