Astara Rayon Gənclər və İdman İdarəsində çimərlik güləşi üzrə Avropa çempionu Musa Ağayevin məşqçisi, Əməkdar məşqçi Məhərrəm Ağayevlə görüş keçirilib.

Astarainfo.az xəbər verir ki, sentyabrın 12-də Yunanıstanın Katerinə şəhərində keçirilən çimərlik güləşi üzrə yeniyetmə və gənclər arasında Avropa çempionatında astaralı idmançı Musa Ağayev qızıl medala sahib olaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Azərbaycan millisinin tərkibində çıxış edən astaralı idmançı Musa Ağayev 60 kiloqram çəki dərəcəsində əzmkarlıq və mübarizlik nümayiş etdirərək bütün rəqiblərinə qalib gəlib və Avropa çempionu adını qazanıb.

Sərbəst güləş üzrə Astara Uşaq-Gənclər İdman Məktəbinin məşqçisi Məhərrəm Ağayev Avropa çempionu Musa Ağayevin atası, həm də məşqçisidir.

Musa Ağayevin şəxsi məşqçisi isə məşhur astaralı idmançı, hazırda məşqçilik fəaliyyətini davam etdirən XXXI Yay Olimpiadasının bürünc mükafatçısı, Dünya çempionatının ikiqat gümüş və üçqat bürünc mükafatçısı, gənclər arasında Dünya çempionu, Avropa Çempionatının üçqat qızıl, üçqat gümüş, dördqat bürünc mükafatçısı Cəbrayıl Həsənovdur.

Görüşdə çıxış edənlər Avropa çempionu Musa Ağayevi və onun məşqçilərini təbrik edərək, onlara yeni-yeni qələbə sevincləri arzulayıblar.

Qeyd edək ki, gənc astaralı güləşçi Musa Ağayev hazırda Dünya çempionatında iştirak etmək üçün məşqlərini davam etdirir.