Şəhidlik bir məqamdır. Cəsarətin, igidliyin, fədakarlığın və cəsurluğun elə bir zirvəsidir ki, bu mərtəbədə Vətən oğlu ölməzliyə qovuşur, əbədiyyətin mənəvi və maddi daş heykəlinə dönür…

Belə bir zirvədə qərarlaşan şəhid Zeynalov Sadiq Kamal oğlu 19 sentyabr 1998-ci ildə anadan olmuşdur. 2004-cü ildə Ərçivan qəsəbə 4 saylı tam orta məktəbin I sinfinə daxil olub 2015-ci ildə həmin məktəbin XI sinfini bitirmişdir. Sadiq tərbiyəli, əxlaqlı, nümunəvi davranışlı, mülayim, səmimi və mehriban xasiyyətli, vətənsevər, yurda bağlı bir şagird olub. Məhz bu nəcib keyfiyyətlərinə görə Vətən müharibəsində onun şəhidlik xəbərini eşidən müəllimləri, qəsəbə sakinləri, dostları və yoldaşları hədsiz dərəcədə kədərləndilər.

Orta məktəbi bitirdikdən sonra bir bacının yeganə qardaşı olan Sadiq 2016-cı ildə hərbi xidmətə yola düşür və hərbi xidmətini Naxçıvan Muxtar Respublikasında tank batalyonunda başa vurur. 2018-ci ildə ordudan tərxis olunandan sonra bir müddət yanacaq doldurma məntəqəsində operator kimi çalışır. 2020-ci ilin avqust ayından müddətdən artıq hərbi xidmət qulluqçusu kimi orduda xidmətə başlayır. Tovuz hadisələrindən sonra o, Vətən torpaqlarını əsarətdən qurtarmaq üçün verdiyi sözə sadiqlik nümayiş etdirməyə gedirdi…

27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başlayan andan Füzuli- Cəbrayıl istiqamətində cəbhənin ön xəttində vuruşan Sadiq yaralanır. Hərbi hospitalda bir həftə müalicə alandan sonra yenidən döyüşə qayıdır. Yaralanması barədə ailəsinə xəbər vermir. Döyüş yoldaşlarından xahiş edir ki, ürək xəstəsi olan anasına bu barədə heç nə deməsinlər. Artıq Rəşadətli ordumuz Qubadlının azad edilməsi uğrunda şiddətli döyüşlər aparırdı. 24 oktyabr 2020-ci ildə Sadiq səhər tezdən anasına zəng edərək “ürəyini buz kimi saxla, mən qayıdacağam” deyir.

25 oktyabır 2020-ci il tarixdə ordu bölmələrimiz düşmənin artilleriya zərbələri altında döyüşü davam etdirirdi. Düşmən toplarından atılan aramsız mərmilər cəhənnəm səhnəsi yaratmışdı. Bu zaman Sadiqin tərkibində olduğu bölüyün hər iki tərəfinə eyni anda iki mərmi düşdü, yer-göy uğuldadı. Qəlpə yağışı altında irəliləyən Sadiq başından və bədəninin müxtəlif nahiyyələrindən qəlpə yaraları alaraq şəhid olur.

Sadiq Vətən torpaqlarını işğaldan azad edəcəyi barədə içdiyi anda da, anasına verdiyi vədə də sədaqət nümayiş etdirdi. Sadiq qayıtdı, döyüş yoldaşlarının, silahdaşlarının və onu qarşılayan el-obasının çiyini üstə, əlləri üstə, üçrəngli bayrağımıza bükülmüş halda döndü. Ordumuz Sadiq kimi minlərlə şəhid oğullarımızın qisasını ala-ala bütün Qarabağ torpaqlarını erməni qəsbkarlarının tapdağından xilas etdi. Vətən müharibəsi tarixi zəfərlə başa çatdı.

Qələbə gününü şəhid atası Kamal kişi belə xatırlayır:

– Gecəyarısı şad xəbəri eşidib səhərin açılmasını gözlədim. Səhər tezdən Sadiq uyuyan qəbrstanlığa daxil olanda gözlərimə inanmadım. Şəhid məzarlarının ziyarətinə gələnlərin sayı, hesabı yox idi. Oğlumun məzarına çatanda artıq məndən qabaq Qarabağ Zəfərinin müjdə xəbərini “ona çatdırmışdılar”. Yeganə oğlumu itirmişdim, sanırdım ki, tənha qalmışam. Şəhid ruhuna, xatirəsinə ümumxalq məhəbbətin sonsuz olduğunu görəndə xalqıma, dövlətimə duaçı oldum.

Şəhidin anası Elmira ananın ürəyi doludur. Oğlu barədə fəxrlə danışır:

– Mən oğlumla fəxr edirəm. O, azadlıq mücahidi kimi canını fəda edib. Hamıdan mənəvi dəstək görürük. Bütün günü evimizə gediş-gəliş var. Bizi axtarır, problemlərimizlə maraqlanır, korluq çəkməyə qoymurlar.

Şəhid Sadiqin yaşadığı məhəlləyə gedən küçənin girəcəyində vurulmuş portreti onun məkanına üz tutanlara bələdçilik edir. Sadə qəsəbə sakininə məxsus evin

dəhlizində isə şəhid Sadiqlə bağlı yaraşıqlı, zəngin guşə yaradılıb. Bu məkana gündə onlarla adi sakin, ağsaqqal, şagird və müəllim üz tutur.

Sadiq Zeynalov Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Vərən uğrunda”, “Füzulinin azad edilməsi uğrunda” medalları ilə təltif olunmuşdur. Tanrı tərəfindən ona hədiyyə edilmiş “Şəhid ” fəxri adı da bu təltiflər sırasına daxildir.

Yol alıb şəhid məzarının ziyarətinə gedirəm. Gül- çiçəyə qərq olmuş şəhid türbəsi qarşısında baş əyirəm . Allah Sizi rəhmət eləsin, ruhunuz şad olsun! Qoy anamız Azərbaycan azad, şad və xoşbəxt yaşasın!

 

 

Əlihəsən Baxşıyev.

Ərçivan qəsəbə 4 saylı tam orta məktəbin

direktor müavini, tarix müəllimi