Perm Dövlət Universitetinə silahlı hücumda 8 nəfər ölüb.
Astarainfo.az
 xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Rusiya İstintaq Komitəsi ali məktəbə hücum etməkdə şübhəli bilinən şəxsin saxlandığını təsdiqləyib. Komitədən bildirilib ki, həmin şəxs saxlanılan zaman silahlı müqavimət göstərib. Hüquq-mühafizə orqanlarının gördüyü cavab tədbirləri nəticəsində hücum edən şəxs yaralanıb.

***12:00
Bu gün səhər saatlarında Rusiyanın Perm Dövlət Universitetində baş verən silahlı insidenti bir tələbənin həyata keçirdiyi bildirilir.
 “TASS”a istinadən xəbər veririk ki, bu barədə İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko jurnalistlərə açıqlama verib. Onun sözlərinə görə, ölən və yaralılarla bağlı məlumatlar dəqiqləşdirilir.
Qeyd edək ki, insident Perm Dövlət Milli Araşdırma Universitetinin binalarından birində baş verib. O, universitetin ərazisində olan digər tələbələrə atəş açıb. Ölən və yaralananların olduğu bildirilir.

***11:38
Rusiyanın Perm şəhərində Perm Dövlət Universitetinin (PSNIU) binalarından birində silahlı insident yaşanıb.
 “TASS”a istinadən xəbər veririk ki, bu barədə hüquq-mühafizə orqanları məlumat verib. İlkin məlumatlara görə, 4 nəfər yaralanıb. Hadisəni törədən şəxsin kimliyi bəlli deyil.
Hüquq-mühafizə orqanlarının verdiyi məlumatda deyilir ki, bəzi tələbələr pəncərədən qaçıb.
Universitet rəhbərliyi tərəfindən tələbələrə olduqları otaqları tərk etməmələri tapşırılıb.
Qeyd edək ki, hadisə bu gün səhər saatlarında baş verib. Hazırda tələbələrin təxliyə olunduğu bildirilir.