Rayon Heydər Əliyev Mərkəzində Gənclərin İnkişaf və Karyera Mərkəzinin “Vətənpərvərlik klubu”nun fəaliyyəti çərçivəsində “Vətənpərvərlik və təhsildə müvəffəqiyyətlər” mövzusunda görüş keçirilib.

Astarainfo.az xəbər verir ki, görüşdə fəxri qonaq qismində millət vəkili, ürək-damar cərrahı, tibb üzrə elmlər doktoru Rəşad Mahmudov və Vətən müharibəsi qazisi, baş leytenant Rüfət Əsədullayev iştirak edib.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Astara nümayəndəliyinin təşkilatçılığı, Astara Rayon İcra Hakimiyyəti, Astara Heydər Əliyev Mərkəzi, Astara Rayon Təhsil Şöbəsinin birgə tərəfdaşlığı ilə keçirilən bu görüşdə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbədən və bu tarixi qələbənin əldə olunmasında Azərbaycan xalqının fədakarlığından söz açaraq ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən, İkinci Qarabağ döyüşlərində əsgərlərimizin göstərdiyi şücaətdən bəhs ediblər. Diqqətə çatdırılıb ki, dövlətimiz şəhid ailələrinə, əlillərə, müharibə veteranlarına xüsusi diqqət və qayğı göstərir və vətəndaşlarımızın sosial müdafiəsi daim gücləndirilir. Həmçinin çıxışlarda qeyd edilib ki, savaş meydanında və arxa cəbhədə əldə etdiyimiz tarixi qələbənin ardınca Azərbaycanı daha böyük gələcək, daha firəvan həyat gözləyir.

         Tədbirdə çıxış edən Vətən müharibəsinin qəhrəman qazisi , düşmənin 7 tankını məhv edən Rüfət Eldar oğlu Əsədullayev keçdiyi şərəfli döyüş yolu, müharibə ilə bağlı xatirələrindən və göstərdiyi  şücaətlərdən bəhs edib.
Tədbir iştirakçıları qələbəyə xalqımızın birliyinin və həmrəyliyinin sayəsində nail olduğumuzu vurğulamaqla yanaşı, dövlətimizin şəhid ailələrinə və vətən uğrunda sağlamlığını itirmiş şəxslərə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.