Rumıniyanın Konstanta şəhərində keçirilən çimərlik güləşi üzrə yeniyetmələrin dünya çempionatında Azərbaycan millisinin tərkibində çıxış edən astaralı idmançı Musa Ağayev 60 kiloqram çəki dərəcəsində ikinci yeri tutaraq gümüş medala sahib olub.
Astarainfo.az xəbər verir ki, dünya çempionatında ilk görüşdə Macarıstandan olan rəqibini məğlub edən astaralı idmançı, Türkiyədən olan güləşçi ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə hesab açılmayıb. Rəqibin çəkisi daha az olduğu üçün qələbə ona verilib. Ancaq növbəti qarşılaşmada Rumıniyadan olan idmançıya heç bir şans tanımayan M.Ağayev adını yarımfinala yazdırıb.
Yarımfinal görüşündə Rumıniyadan olan daha bir rəqibini məyus edən Musa həlledici görüşdə türkiyəli güləşçiyə uduzaraq gümüş medala sahib olub.
Qeyd edək ki, Musa Ağayev sentyabrın 12-də Yunanıstanın Katerinə şəhərində yeniyetmələr arasında çimərlik güləşi üzrə yeniyetmə və gənclər arasında Avropa çempionatında birinci yeri tutaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Musa Ağayev Astara rayonunun Ərçivan qəsəbəsində anadan olub. O, Ərçivan qəsəbə 3 nömrəli tam orta məktəbin XI sinif şagirdidir.
Gənc güləşçi 2019-cu ildə “Azərbaycan Respublikasının İdman ustası” dərəcəsinə layiq görülüb. Onun atası Məhərrəm Ağayev sərbəst güləş üzrə Əməkdar məşqçidir, eləcə də Musa Ağayevin məşqçisidir.
Musa Ağayevin şəxsi məşqçisi isə məşhur astaralı idmançı, Azərbaycan idmanın tanınmış simalarından olan, hazırda məşqçi fəaliyyətin davam etdirən XXXI Yay Olimpiadasının bürünc mükafatçısı, Dünya çempionatının ikiqat gümüş, üçqat bürünc mükafatçısı, gənclər arasında Dünya çempionu, Avropa çempionatının üçqat qızıl, üçqat gümüş və dördqat bürünc mükafatçısı Cəbrayıl Həsənovdur.