Astara gözəl turizm məkanıdır

Astara Azərbaycanın əsrarəngiz gözəlliyə malik füsunkar güşələrindəndir.Heç də təsadüfi deyildir ki,xalqımızın ümumilli lideri Heydər Əliyev Astaranı  “Cənub mirvarisi” adlandırmış,bizim  diyar haqqında  olduqca xoş sözlər söyləmişdir.

Astaranın iqtisadiyyatı dinamik inkişaf edir,sosial-iqtisadi prblemlr uğurla həllini tapır.Aqrar sahənin inkişafına görə Astaranın adı respublikanın rayonları arasında öncül yerlərdə  çəkilir.Bunlarla bərabər ,Astara həm də turizm diyarıdır.Rayonun ərazisndə olan seyrəngahlar,tarixi-mədəni abidələr,hotellər,istirahət mərkəzləri,Xəzər dənizi boyunca salınan çimərliklər turistlərin maraq göstərdiyi məkanlardır.

İlin bütün fəsillərində Astaraya turist axını olur.Rayon mədəniyyət şöbəsinin baş məsləhətçisi Şadoğlan Bayramovdan aldığımız məlumata əsasən bu il Astaranı xeyli turist ziyarət edib.Belə ki,dövr ərzində Astara Tarix-diyarşünaslıq muzeyinə 118 nəfər- 42 nəfər xarici və 76 nəfər yerli turist gəlmişdir. Xarici turistlər ,əsasən yapon vətəndaşları (Astarada işləyən mütəxəssislər), Türkiyə və Rusiyada yaşayan  Azərbaycan vətəndaşlarıdır. Pandemiya qaydalarında yumşalmalardan sonra rayona yerli turistlərin gəlişi artmışdır. Rayona gələn turistlər çimərlik turizmi ilə yanaşı kənd yaşıl turizminə də üstünlük verirlər. Bu səbəbdən turistlər artıq dağətəyi və ucqar dağ kəndlərində ev kirayələməklə orada yaşayır, maraqlı tarixi abidə və tarixi yerlər, eləcə də təbiət abidələri ilə tanış olur, cənub bölgəsinin milli mətbəx mədəniyyətindən faydalanırlar. İstər Astara şəhərində, istərsə rayonun dağ kəndlərində şəxsi mülklərdə turistlər üçün xüsusi qonaq evləri fəaliyyət göstərir. Əlbətdə turistlərin rayonumuza gəlişi bir tərəfdən onlara xidmət edən personalın peşə vərdişlərinin artırılmasına, digər tərəfdən isə onların maddi rifah halının yaxşılaşmasına kömək edir.

Bununla yanaşı rayonumuzda sürətlə inkişaf edən turizmin təşkilində  problemlər də vardır. Beləki, rayonumuzda fəaliyyət göstərən kollecdə turizmin təşkili ilə bağlı şöbə olsa da bu ixtisas üzrə kolleci bitirmiş məzunlardan demək olar ki, heç biri ixtisası üzrə turizm obyektlərində işləmir. Xarici dilləri bilib internet resurslarından istifadə etməklə xarici turistləri cəlb edə biləcək peşəkar kadrlar, eləcə də rayona gələn turistlərin asudə vaxtını və turizm marşrutlarını tənzimləyən, eyni zamanda təbliğ edən təşkilat yoxdur.

Lakin təmiz çimərlikləri, gözəl təbii resursları olan rayonumuzda Astara şəhərinin və dənizkənarı bulvarın inkişafı, yeni mehmanxana və turizm obyektlərinin tikintisi, eləcə də dağ kəndlərində yol infrastrukturunun yaradılması gələcəkdə bu sahədə daha böyük səmərələr əldə etməyə zəmin yaradır.

Astarainfo.az