27 sentyabr Anım Günü ilə əlaqədar Astara rayonunda bir sıra tədbirlər keçirilmişdir.

Anım Günündə rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev və Milli Məclisin deputatı Rəşad Mahmudov yeni salınmış Şəhidlərin Xatirə Kompleksində xatirə lövhəsinin önünə əklil qoymuşlar. Sonra rayon rəhbərliyi, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, idarə, müəssisə və təşkilatların kollektivləri, qeyri-hökumət təşkilatları və ictimaiyyətin nümayəndələri tərəfindən şəhid lövhələrinin önünə tər qərənfillər düzülmüş, xatirələri ehtiramla yad edilmişdir.

İkinci Qarabağ müharibəsi haqqında iştirakçılara məlumat verilərək qeyd edilmişdir ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, müqəddəs Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş şəhidlərimizə ehtiram əlaməti olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 27 sentyabrın Respublikamızda Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına yüksək ehtiramın göstəricisidir.

30 il idi ki, torpaq həsrətiylə yaşayır, torpaqlarımızın əsirlikdən azad ediləcəyi günü səbirsizliklə gözləyirdik. Tarixin ayrı-ayrı dönəmlərində xalqımıza qarşı törədilmiş soyqırımları ürəyimizi sızladırdı. Qanlı 20 yanvar şəhidlərinin, Xocalı faciəsi qurbanlarının, birinci Qarabağ müharibəsində şəhid olmuş minlərlə soydaşlarımızın, itkin düşən, əsir götürülən qız-gəlinlərin faciəsi ürəyimizi sızladır, bizi qisasa çağırırdı. Bu ağır dərdlər sevincimizi, qəhrəman, döyüşkən xalq imicimizi əlimizdən almışdı. Hər dəfə qisas qiyamətə qalmaz deyərək, Ali Baş Komandanın “hücum” əmrini intizarla gözləyirdik.

Nəhayət ki, ötən ilin payızında qisas günü yetişdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin 27 sentyabr tarixində rəşadətli Azərbaycan Ordusu mənfur düşmənə qarşı əks-hücum əməliyyatına başladı. Qəhrəman əsgər və zabitlərimiz ölümün gözünə dik baxaraq şərəfli azadlıq mübarizəsinə qalxdılar. Sarsıdıcı zərbələrlə düşmənə cəhənnəmi yaşadan, qan udduran igid oğullarımız qısa müddətdə erməniləri ağır məğlubiyyətə uğratdılar. Rəşadətli Ordumuz təcavüzkar, işğalçı, qatil Ermənistanın uzun illər ərzində qurduğu istehkam sistemlərini məharətlə yarıb keçdilər, torpaqlarımızı qanları və canları bahasına işğaldan azad etdilər.

Qəhrəman oğullarımız düşməni döyüş meydanında əzdiyi kimi, xalqımızın dəmir yumruqtək birliyinin simvoluna çevrilən Prezidentimiz,  Ali Baş Komandan İlham Əliyev də hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşında da təmkinli, cəsarətli  çıxışları ilə düşməni siyasi meydanda məğlub edərək ölkəmizə təzyiqlər cəhdinin qarşısını müvəffəqiyyətlə aldı.  44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Qarabağın tacı sayılan Şuşa şəhərini, Xocavənd rayonunun Hadrut qəsəbəsini, ümumilikdə, 300-dən çox şəhər, qəsəbə və kəndləri, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi.

Qeyd olunmuşdur ki, dünyanın hərbi ekspertləri üçün hələ də sirr olan Şuşa şəhərinin düşmən əsarətindən qurtarılması isə müharibənin taleyində həlledici rol oynadı. Cəsur oğullarımızın qarşısıalınmaz hücumları ilə darmadağın edilən düşmən ordusu salamat qalan döyüş texnikalarını da döyüş meydanında qoyaraq qaçmağa məcbur oldular. Yenilməz hesab etdiyi ordusunun qısa müddətdə məhv edildiyini görən faşist, terrorçu qurum olan Ermənistanın iblis xislətli rəhbərliyi ağ bayraq qaldıraraq diz çökdü. Kəlbəcər, Ağdam və Laçın rayonlarını döyüşsüz Azərbaycana qaytarmağa məcbur oldu. Düşmənin kapitulyasiya sənədini imza etməklə biabırçı məğlubiyyətini etiraf etdiyi 8 noyabr tarixi  isə cənab Prezidentin Sərəncamı ilə Azərbaycanda hər il “Zəfər Günü” kimi qeyd olunacaq.

Azərbaycan xalqı şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı. Bu qələbə ilə xalqımızın 30 illik həsrətinə son qoyuldu. Şəhidlərimizin qanı yerdə qalmadı.

Vətən müharibəsində Astara rayonundan 600 nəfərə qədər gəncin iştirak etdiyi, 41 nəfərin şəhid olduğu, 138 nəfərin yaralandığı, ümumilikdə birinci və ikinci Qarabağ müharibəsində rayonumuzun 124 nəfər cəsur, mərd oğulun şəhidlik zirvəsinə ucaldığı qeyd olunaraq Vətən müharibəsinin astaralı 41 nəfər qəhrəman şəhidlərinin adları bir daha tədbir iştirakçılarına təqdim olunmuşdur.

Polkovnik-leytenant Orucov Nail Rəfail oğlu, mayor Fərəcov Kamran Qılman oğlu, kapitan Hüseynov Şahnur Şahin oğlu, Baş leytenant, hərbi həkim Fərəməzov Nurlan Əhliman oğlu, gizirlər Ağayev Zülfü Ağali oğlu, Əliyev Ramin Muxtar oğlu, Xəlilov Nadir Ağadadaş oğlu, Ağayev Ramiq Təhsin oğlu, Ağayev Əhəd Bilal oğlu, Nəhmətov Vüsal Üzeyir oğlu, müddətdən artıq hərbi xidmətçilər Qeybiyev Arif İsmail oğlu, Kazımov İlkin Xanməmməd oğlu, Babazadə Məhəmməd Cavanşir oğlu, Əliyev Ruslan Aslan oğlu, Rəhimov Nurlan Əlövsət oğlu, Əhmədov Nihad Fuad oğlu, Qasımov Baba Əhməd oğlu, Zeynalov Sadiq Kamal oğlu, Rəhmanov Samiq Rizvan oğlu, Nəhmətov Telman Təyyar oğlu, Salmanzadə Pərvin Təbriz oğlu, Babayev Orxan Sədail oğlu, Məmmədov Elkiyar Abdulla oğlu, Əlizadə Mirzəhəsən Şahin oğlu, əsgərlər Bağırzadə Sadiq Şahin oğlu, Əbdülov Elnur Qədir oğlu, İbrahimov İlqar Elçin oğlu, Quliyev Tərlan Mehman oğlu,  Novruzov Şəhnin Şahlar oğlu, Zəkiyev Rameş Gülverdi oğlu, Eyvazov Rəşad Babək oğlu, Ramazanov Rövşən Qardaşxan oğlu, Seyfullazadə Kamran Cəlal oğlu, Cəfərov Əli Bəyulla oğlu, Hacıyev Kənan İmran oğlu,  Feyziyev Əli Mahir oğlu, Babazadə Xaqani Anar oğlu, Səttarov Səxavət Qüdrət oğlu, Səmədov Samir Mətləb oğlu, Cəfərzadə Tarif Qədim oğlu, Cahangirov Rauf Xəyyam oğlu.

Bizə tarixi qələbənin sevincini yaşadan bu mərd, cəsur, qəhrəman oğullarımızın, qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına torpaqlarımızın işğaldan azad edildiyi vurğulanmışdır. Bildirilmişdir ki, onlar canlarını Vətənə fəda etdilər. Bu gün qürurlanmağa ən çox haqqı olan insanlar Şəhid valideynləri, qazilər və onların doğmaları, yaxınlarıdır. Fədakarlığı, mərdliyi, cəsarəti ilə bizə qələbə sevincini yaşadan Qəhrəman Şəhidlərimizə yas saxlamaq bizə yaraşmaz. Çünki, Azərbaycanın Dövlət Bayrağının kölgəsində uyumaq hər kəsin nəsibi olmayan ən şərəfli bir əbədiyyət yoludur. Çünki, Şəhid məzarları Vətən torpağının qüdrət və qeyrət qalalarıdır.

Ali Baş Komandan, Qalib Sərkərdə İlham Əliyevin dediyi kimi “Şəhidlərimizin qəhrəmanlığı nəticəsində bu gün bizim bayrağımız azad edilmiş torpaqlarda ucalır. Xalqımız, dövlətimiz müzəffər dövlət, müzəffər xalq kimi yaşayır və bundan sonra əbədi yaşayacaq.”

Bu əbədiliyin qarantı, müzəffər Ali Baş Komandan, müzəffər Azərbaycan xalqı və qəhrəman Azərbaycan əsgəridir.

Qəhrəman Şəhidlərimiz polkovnik-leytenant Nail Orucovun övladı İbrahim Oruczadə, Nurlan Rəhimovun övladı Əlövsət Rəhimli, Samiq Rəhmanovun övladları Aylin və Fədayə Rəhmanzadə bacılarının şəhidlər haqqında söylədiyi şerlər tədbir iştirakçılarına duyğulu anlar yaşatmışdır.

Vətən Müharibəsi şəhidi mayor Kamran Fərəcovun həyat yoldaşı Nuranə Fərəcova və qazi Coşğun Şöhübzadəyə tədbirdə çıxış etmişlər.

İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev və Milli Məclisin deputatı Rəşad Mahmudov şəhid ailələri və qazilərlə görüşərək söhbət etmiş, bizlərə qələbə sevincini yaşatdıqlarına görə hörmət və ehtiramlarını bildirmişlər.

Sonra rayon rəhbərliyi tərəfindən Səncərədi kəndində Şəhidlərin Xatirə Kompleksi ziyarət olunmuş, Vətən müharibəsi şəhidləri olan Qeybiyev Arif İsmail oğlu, Hüseynov Şahnur Şahin oğlu Kazımov İlkin Xanməmməd oğlu və Ağayev Zülfi Ağalı oğlunun il mərasimlərində iştirak edilmişdir.

Anım günündə şəhər ərazisində 520 ədəd ağac əkilmişdir.

Astara park-bulvar kompleksində vətənpərvərlik marşlarının sədaları altında gənclərin yürüşü maraqla izlənmiş, Astaranın 41 nəfər Vətən Müharibəsi şəhidlərinin xatirəsinə səmaya 41 göyərçin buraxılmışdır.

Ölkənin hər yerində olduğu kimi Astara rayonunda da saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.