Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına müsahibə vermişdir. Cənab Prezident sualları cavablandıraraq bildirmişdir ki, Vətən müharibəsinin ilk anından hadisələr çox sürətlə inkişaf edirdi. Hərbi əməliyyatların birinci gününün sonunda Azərbaycan Ordusu Kəlbəcər rayonunda, Murovdağda və Ağdərə istiqamətində strateji əhəmiyyətli yüksəklikləri, həmçinin 6 kəndi – Füzuli rayonunda 4 və Cəbrayıl rayonunda 2 kəndi azad etdi. Ordumuz ilk gündə düşmənin müdafiə xəttini yarmağa nail oldu və bundan sonra bütün 44 gün ərzində yalnız irəli getdi.

Azərbaycan müharibəyə hər zaman hazır olub, bizi dayandıran amil məsuliyyətli ölkə olmağımız, beynəlxalq hüquq və təşkilatlara olan inamımız idi. Dondurulmuş münaqişə vəziyyətində olsa da, müharibə şəraitindəki ölkədə həyatın bütün halları üçün döyüş əməliyyatlarının aparılması planı çoxdan işlənib hazırlanırdı. Əlbəttə, yeni reallıqlar, Azərbaycanın yeni imkanları, o cümlədən texnoloji imkanları nəzərə alınmaqla bu plana vaxtaşırı dəyişikliklər edilirdi. Müharibə dövründə bizim davranışımızın əsası, təbii ki, keçən il döyüş əməliyyatları başlanandan xeyli əvvəl işlənib hazırlanmışdı, lakin hərbi əməliyyatların gedişində biz buna dəyişikliklər edirdik.

Qəbul olunan çevik qərarlar və peşəkar komandanlıq sayəsində Azərbaycan Ordusunun zərbə və hücumları Ermənistan tərəfi üçün əksər hallarda gözlənilməz idi. Döyüş əməliyyatları planına demək olar ki, hər gün düzəlişlər edilirdi. Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi ilə birgə hər gün müşavirələr keçirilirdi. Müşavirələrdə ötən günə yekun vurur, nöqsanları aşkar edir, növbəti gün üçün əməliyyatları planlaşdırır və təsdiq edirdik. Buna görə də çox fəal gündəlik iş gedirdi və bir sıra hallarda bizim fəaliyyətimiz, bizim əməliyyatlarımız düşmən üçün çox gözlənilməz olurdu.

Azərbaycan Ordusunun gücünü düzgün qiymətləndirmək və lazımi nəticələr çıxarmaq üçün Ermənistanın bir neçə fürsəti olmuşdur. 2016-cı ilin aprelində döyüş əməliyyatlarının gedişində öz imkanlarımızı çox məhdud şəkildə nümayiş etdirdik. O vaxt işğal altındakı ərazilərin bir hissəsi azad edildi və biz erməni tərəfin işğala son qoyması barədə mühüm qərar qəbul etməsinə imkan verdik. Təəssüf ki, o vaxt biz dayananda erməni tərəf bizim bu hərəkətimizi düzgün başa düşmədi və bu, onlara baha başa gəldi. Həmçinin 2018-ci ilin mayında Naxçıvan Muxtar Respublikası ilə Ermənistanın sərhədində qan tökülmədən əməliyyat aparmaq imkanlarımızı nümayiş etdirdik. Bununla da biz öz potensialımızı, nəyə qadir olduğumuzu bilirdik və təbii ki, ermənilərdən fərqli olaraq, düşmənin imkanlarını sayıq qiymətləndirir və Ermənistanı işğal edilmiş əraziləri könüllü şəkildə tərk etməyə məcbur etmək üçün təsir vasitələrindən istifadə etməyə çalışırdıq.

Önəmli mərhələlərdən biri düşmənin təqribən 30 il ərzində möhkəmləndirdiyi birinci müdafiə xəttinin yarıldığı ilk gündür. İndi artıq işğaldan azad edilmiş ərazilərə gedənlər bu xəndəkləri görür, tank əleyhinə maneələrin, tikanlı məftillərin və minalanmış sahələrin bir hissəsi hələ qalır, bütün əraziyə yüz minlərlə mina basdırılıb və onlar hələ oradadır. Əgər biz elə ilk gündə düşmənin müdafiə xəttini yara bilməsəydik, işimiz daha çətin olardı. Bu, həm hərbi əməliyyatların aparılması, həm də silahlı qüvvələrin ruh yüksəkliyi baxımından çox mühüm rol oynadı.

Zəfərin təmin edilməsində Hadrut əməliyyatının əhəmiyyəti qeyd olunmalıdır. Ordumuzu orada gözləmirdilər, erməni tərəfi bizim bu yolla gedəcəyimizi güman etmirdi və bu, onlar üçün gözlənilməz oldu. Biz Hadrut ətrafındakı bütün əsas yüksəklikləri götürəndən sonra əslində, bu şəhərin taleyi həll edilmişdi. Bizim oraya yenə də minimum itki ilə fiziki olaraq daxil olmağımız, sadəcə, vaxt tələb edirdi. Hadrutdan qabaq – oktyabrın əvvəlində Cəbrayıl şəhəri azad edildi. Bu, rəmzi baxımdan da vacib idi, çünki bu, ilk şəhər idi. Bundan əvvəl biz kəndləri və qəsəbələri azad etmişdik. Oktyabrın 17-də Füzuli şəhərinin azad edilməsi də, əlbəttə, mühüm mərhələ idi. Çünki bu, Qarabağ regionunda əhalisinin sayına görə Ağdamdan sonra ikinci böyük şəhərdir. Soltanlı və Əmirvarlı yaşayış məntəqələrinin alınması da qeyd olunmalıdır.

Zəngilana gedən yolda yerləşən Soltanlının və Əmirvarlının azad edilməsi hadisələrin sonrakı gedişi baxımından çox böyük əhəmiyyət kəsb edirdi. Zəngilan şəhərinin alınmasına gəldikdə isə, onlar, əslində, oradan qaçırdılar, çünki müqavimət göstərməyə gücləri çatmırdı, üstəlik, hələ hərbi əməliyyatların ilk dövründə onlar səhvə yol vermişdi, onların əks-hücuma keçmək cəhdi hərbi baxımdan tamamilə axmaqlıq idi. Onlar müdafiə xəttini möhkəmlətmək əvəzinə qüvvələrini əks-hücuma yönəltdilər və tamamilə məhv edildilər.

Qubadlının azad edilməsini və Laçın rayonunun cənubuna çıxmağımızı da qeyd etmək lazımdır. Laçın rayonunun Güləbird və digər kəndlərinin azad edilməsi Laçın dəhlizinə nəzarət etməyimizə imkan verdi. Əslində, dəhliz artıq bizim nəzarətimiz altında idi. Əlbəttə, bizim qələbəmizin zirvəsi Şuşa əməliyyatıdır. İndi Zəfər yolu ilə Şuşaya gedən hər kəs bizim oraya haradan getdiyimizi görə bilər. Bu, sadəcə, inanılmaz fiziki və mənəvi qüvvələrin səfərbər edilməsi idi. Yolsuzluq şəraitində, yüngül silahlarla günlərlə yorulmadan bu qədər məsafə qət etmək və sonra Şuşanı azad etmək misli görünməmiş igidlik, qəhrəmanlıqdır. Əlbəttə, Şuşanın alınması düşmənin belini qırdı və bundan sonra düşmən praktiki olaraq təslim oldu.

İkinci Qarabağ müharibəsinə qədər pilotsuz uçuş aparatlarından bu miqyasda və bu cür səmərəli şəkildə istifadə edilməyib. Azərbaycan pilotsuz uçuş aparatları almağa 10 il bundan əvvəl başlamışdır. Bunlar İsrail istehsalı olan qırğın vasitələri idi. Biz onları mənimsədik və 2016-cı ilin aprelində qısamüddətli döyüş əməliyyatları zamanı tətbiq etdik. Daha sonra Azərbaycan İsraildə istehsal edilmiş “Sky Striker” adlı pilotsuz vasitələri almağa başlamışdır. Azərbaycan həm kəşfiyyat, həm də döyüş təyinatlı “Orbiter” PUA-ları da almışdır. Türkiyə PUA-lar istehsalına başlayan kimi biz “Bayraktar TB2”lərin ilk xarici alıcısı olduq. Döyüş əməliyyatları zamanı “Bayraktar”ların bir neçəsi daim havada olurdu. “Bayraktar TB2”lər həm də kəşfiyyat xarakteri daşıyır və buna görə onların təsirini bizim artilleriya atəş sistemləri, aviasiya sistemləri ilə əlaqələndirmək vacib idi.

“Bayraktar”lar Erməni ordusunun kabusuna çevrilmişdi. “Bayraktar”lardan istifadə edilməsi döyüş əməliyyatlarının aparılmasında, bizim silahlı qüvvələrin irəliləməsi və yeni mövqelər tutması üçün yolların təmizlənməsində, habelə itkilərin minimallaşdırılmasında bizə çox kömək etdi. Müharibə dövründə biz 366 tankı, böyük miqdarda zirehli texnikanı və artilleriya toplarını məhv etdik və qənimət kimi götürdük. Erməni tanklarının heyəti müəyyən mövqeyə çıxır, sonra həmin tanklardan tullanıb hərə bir tərəfə qaçırdı, çünki tankın üstünə “Bayraktar”ların düşəcəyindən qorxurdular. Biz bunu praktiki olaraq hər gün internetdə göstərirdik və təbii ki, bu, düşmənin hərbi qulluqçularını dəhşətə gətirirdi.

Müdafiə Nazirliyinin xüsusi təyinatlı qüvvələri işğal altında olan ərazilərin azad edilməsi üzrə ən mühüm əməliyyatların, ilk növbədə, Şuşa əməliyyatının və bir sıra başqa əməliyyatların keçirilməsində həlledici rol oynayıblar. Onlar bir sıra əməliyyatlar zamanı ölümün üzərinə gedərək, peşəkarlıq və fədakarlıq nümayiş etdiriblər. Müxtəlif strukturların tərkibində bir neçə xüsusi təyinatlı bölmə yaradılmışdır. Sərhəd qoşunlarının xüsusi təyinatlıları hərbi əməliyyatlarda, bir sıra yaşayış məntəqələrinin azad olunmasında çox fəal və səmərəli iştirak ediblər. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlılarını da qeyd etmək lazımdır. Hərbi əməliyyatların müəyyən mərhələsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlıları da cəlb edilmişdir. Dəniz piyadaları da, Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin xüsusi əməliyyat qüvvələri də özlərini çox fəal və səmərəli göstərdilər. Beləliklə, bizdə 7 xüsusi təyinatlı qüvvə vardı, lakin əlbəttə, əsas funksiyanı Müdafiə Nazirliyinin xüsusi təyinatlıları yerinə yetirirdi.

Azərbaycan dəfələrlə elan etmişdir ki, Ermənistanın baş naziri işğal altında olan ərazilərdən çıxacağı tarixi deyən kimi biz müharibəni dayandırmağa hazırıq. Azərbaycanın bu mövqeyi haqqında bütün dövlətlər, o cümlədən Rusiya, məlumatlı idi. Azərbaycanın bu təklifinə reaksiya yalnız Şuşa şəhəri azad ediləndən sonra oldu. Əlbəttə, razılaşdırılmalı məsələlər həddindən çox idi. Bütün bunlar belə avral rejimində cərəyan edirdi. Düşmənçilik edən iki ölkə arasında sənədin mətni bir gün ərzində razılaşdırılmalı və təbii ki, həmin mətndə reallıqlar nəzərə alınmalı idi. Bu reallıqlar nəzərə alındı ki, Azərbaycan qalib ölkə, Ermənistan isə kapitulyasiya etmiş ölkədir və 10 noyabr tarixində imzalanmış Bəyanat bu faktı təsdiq edir.

Hərbi Qənimətlər Parkı, ilk növbədə, bizim Zəfərimizin nümayişidir. Biz düşməni əsla zəif hesab etməməli idik və heç vaxt belə etməmişik, onlar çox yaxşı silahlanmışdı. Təbii ki, həmin parkda məhv edilənlərin və ələ keçirilənlərin az bir hissəsi nümayiş etdirilir. Bütün qənimətlərin və məhv edilmiş hərbi texnikanın tam siyahısı isə mətbuatda var. Buna görə də, ilk növbədə, bu, qələbənin nümayişi, həlak olanlara ehtiram əlaməti, gənc nəslin, artıq qalib xalqın nümayəndələri kimi yaşayacaq insanların nəsillərinin tərbiyəsi üçündür. İşğalın bütün çətinliklərini hiss etməmiş, fiziki və mənəvi əzablara məruz qalmamış, daim ədalətsizlik, təhqir hissini keçirməmiş insanların öz torpaqlarından qovulmuş xalqdan 44 gün ərzində qalib xalqa çevrilmiş Azərbaycan xalqının keçirdiyi hissləri anlaması bəlkə də çətindir. Həmin parkın rəmzi mənalarından biri də ondan ibarətdir ki, biz bu müharibəni heç vaxt unutmayaq. Bəli, müharibə başa çatıb, biz bu səhifəni çevirməyə hazırıq, biz hətta Ermənistan ilə sülh müqaviləsi üzərində işə başlamağa hazırıq, lakin biz heç vaxt işğal dövrünü unutmamalı, həlak olmuş mülki və hərbi vətəndaşlarımızı unutmamalıyıq. Parkda həm də erməni komandirlərin öz hərbi qulluqçularına qeyri-insani münasibəti azacıq da olsa nümayiş etdirilir. Biz tərk edilmiş səngərlərdə oraya zəncirlə bağlanmış insanları tapırdıq. Məhv edilmiş hərbi yük maşınlarında onların sürücülərini tapırdıq. Bu adamlar qaçmamaları üçün zəncirlə sükana bağlanmışdı. Bu, sadəcə, barbarlıqdır və bunu hamı bilməlidir.

Mülki əhalinin qorunması və onların təhlükəsizliyinin təminatı üçün Azərbaycan tərəfindən misilsiz tədbirlər görülmüşdü. Səfərbər olunmuş texniki imkanlar əks-hücum fəaliyyətinin daha səmərəli şəkildə təşkilinə kömək etdi. Təmas zonasının yaxınlığında yaşayan əhalinin təhlükəsizliyinin təmin edilməsi üzrə böyük iş aparıldı. Həmin rayonlarda yaşayan yüz minlərlə əhalimiz hər gün erməni artilleriyasının atəşi altında olurdu. Buna görə də əhali qismən təxliyə edilmişdi.

Son dövrdə Ermənistan rəhbərliyi açıq təxribatlara əl atdı. Ermənistan rəhbərliyinin “Qarabağ Ermənistandır və nöqtə” bəyanatları, əslində, danışıqlar prosesindən çıxmaq demək idi. Ermənistan müdafiə nazirinin Amerikada Ermənistanın yeni ərazilər uğrunda yeni müharibəyə hazırlaşması barədə bəyanatı isə açıq-aşkar hədə və elementar sağlam düşüncə normalarına və beynəlxalq hüquqa hörmətsizlik nümayişi idi.

Müharibə dövründə kimin kim olduğunu, kimin vicdanlı döyüş apardığını və kimin yatmış şəhərlərə alçaqcasına hücum etdiyini hamı gördü. Gecə vaxtı Gəncənin yaşayış məhəlləsinə, yatan insanlara və uşaqlara operativ-taktiki raket zərbələri endiriləndən sonra Ermənistan rəhbərliyi bəyan etdi ki, onların bu məsələyə heç bir aidiyyəti yoxdur. Onlar illər boyu deyirdilər ki, azərbaycanlılar erməniləri ittiham etmək üçün Xocalıda soyqırımını özləri təşkil ediblər. Yəqin ki, bu, dünyada analoqu olmayan həyasızlıqdır. Hərçənd, bu tipli raketlər barədə az-çox anlayışı olan bütün insanlara məlumdur ki, tapşırıq verilir, hədəf seçilir və raket düz həmin hədəfə doğru gedir. Yəni, hədəf məhz Gəncə şəhərinin əsas prospektində mülki əhalini məhv etmək idi. Onların siyasətinin göstəricisi budur. Tərtər şəhəri daha çox zərər çəkib. Çünki cəbhə xəttinin bilavasitə yaxınlığında yerləşirdi, hər gün artilleriya atəşinə tutulurdu. Bu kiçik şəhərə 16 mindən çox mərmi atılıb. Beləliklə, onlar döyüş meydanında məğlubiyyətin acığını çıxmağa və ya bizdən qisas almağa çalışırdılar.

İşğal illərində vurulmuş ziyanın qiymətləndirilməsi üzrə də iş aparılır, bu iş başa çatmaq üzrədir. Azərbaycan beynəlxalq hüquq şirkətlərini cəlb edib, onlar qiymətləndirmə aparır, gələcəkdə beynəlxalq məhkəmələrdə hüquqi iddialar qaldırılmasında bizə kömək edəcəklər. Çünki Ermənistan törətdiyi cinayətlərə – bizim əmlakımızın talan edilməsinə, tarixi abidələrin, vətəndaşların əmlakının məhv edilməsinə, meşələrin qırılmasına, çaylarımızın və göllərimizin çirkləndirilməsinə, işğal altında olan ərazilərimizdə faydalı qazıntılardan qanunsuz istifadə edilməsinə görə cavab verməlidir, bütün bunlar hesablanır. Faydalı qazıntıları qanunsuz hasil edən xarici şirkətlər barəsində hüquqi prosedurlar hazırlanıb. İndi bu proses artıq reallaşma mərhələsindədir. Beləliklə, cinayətkarların məsuliyyətə cəlb olunması üçün bütün mümkün vasitələrdən istifadə olunur.

İntensiv döyüşlər həm cəbhədə, həm informasiya məkanında aparılırdı. Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmiş, Azərbaycana qarşı informasiya blokadasını yarmış, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici KİV-lərə müsahibələr vermişdir. Bu müsahibələrin hər birisi cəbhədə əldə olunan uğurların siyasi cəhətdən bərkidilməsinə və xalqımızın Qələbəsinin dünyada etiraf edilməsinə xidmət etmişdir. Aparılmış uğurlu informasiya siyasətinin nəticəsində ölkəmizə təzyiqlər cəhdinin qarşısı müvəffəqiyyətlə alınmışdır.

Cənab Prezident qeyd etmişdir ki, əsas məqsədlərimizdən biri keçmiş qaçqınları və köçkünləri tezliklə öz yurdlarına qaytarmaqdır və bunun üçün geniş miqyaslı bərpa-quruculuq işləri aparılır. Bu məsələdə Azərbaycanın əsas maneəsi və rəqibi zamandır. Dağıdılmış ərazi sahəsinə görə Livana bərabərdir. İndi bölgədə genişmiqyaslı işlər aparılır, ilk növbədə, elektrikləşmə işləri. Biz azad olunmuş bütün əraziləri artıq bu ilin sonuna qədər elektrik enerjisi ilə tam təmin edəcəyik. Laçında, Kəlbəcərdə və Suqovuşanda gücü 20 meqavat olan su elektrik stansiyaları bərpa edilib, artıq onlar enerji verir. Bir neçə yardımçı stansiya tikilib. Bütün istiqamətlərdə yollar çəkilir. Şuşaya Zəfər yolu, həmçinin Füzuli-Şuşa ikinci magistral avtomobil yolu çəkilir, bu yol daha qısa olacaq. Zəngilanda, Qubadlıda Ermənistan sərhədinə qədər yollar, Göygöldən Kəlbəcərə tunel yolu çəkilir. Üstəgəl Füzulidən Ağdama, Füzulidən Hadruta, Cəbrayıla gedən yollar. Yəni, bu şəhərlər arasında əlaqə yaradılacaq. Bu il təkcə azad olunmuş ərazilərin bərpası proqramına 1,3 milyard dollar vəsait ayrılmışdır. Bu məbləğin təqribən 400 milyon dolları hələlik bölünməyib, çünki biz bütün qaydalara – tender, planlaşdırma, layihələndirmə prosedurlarına riayət edirik. Ağdam şəhərinin bərpası artıq başlanıb, baş plan təsdiq edilib. Şuşa şəhərinin baş planı təsdiq edilib. Bir il, maksimum il yarım ərzində həmin evlər tikiləcək və şuşalılar oraya qayıda biləcəklər.

Mina xəritələri aktual problem olaraq qalmaqdadır. Minalanmış sahələr böyük problemdir. Minalanmış sahələrin ermənilər tərəfindən bizə verilmiş az miqdarda xəritələrinin dəqiqliyi təqribən 25 faizdir. Minalanmış sahələrin xəritələrinin çox hissəsini isə bizə vermirlər. Ona görə bu çox çətin işdir, onu sürətlə icra etmək mümkün deyil. Nə qədər vəsaitin olsa belə, bunun üçün vaxt lazımdır.

Sülh müqaviləsi üzərində iş başlanmalıdır. Azərbaycan bu prosesə hazırdır. Müharibə qurtarıb, Dağlıq Qarabağ münaqişəsi tarixdə qalıb, özü də həmişəlik. Buna görə normal qarşılıqlı əlaqələr yaratmaq lazımdır. Biz münasibətlərin normallaşdırılması istiqamətində irəliləməyə hazırıq, lakin hələ erməni tərəfdən müsbət siqnal yoxdur.

Ermənistan İkinci Qarabağ müharibəsinin dərslərini unutmamalıdır. Əgər Ermənistan Azərbaycana qarşı ərazi iddialarını davam etdirsə, Azərbaycanın Ermənistana qarşı ərazi iddialarından çəkinməsi çətin olacaq. Bundan ötrü elə həmin Zəngəzurun və elə həmin Göyçə gölü regionunun tarixi mənsubiyyəti baxımından, bizim daha çox əsasımız, ərazi iddiaları üçün daha çox tarixi zəmin vardır.

“Dağlıq Qarabağ” adlı inzibati ərazi artıq yoxdur. Qarabağ iqtisadi rayonu var, Şərqi Zəngəzur iqtisadi rayonu var. Bunlar bizim ərazidir və bizdə hansı inzibati vahidlərin ola biləcəyini biz müəyyən etməliyik. Yalnız biz etməliyik, bizdən başqa heç kim, heç bir ölkə, xüsusən Ermənistan bunu edə bilməz. Buna görə status barədə və Dağlıq Qarabağ barədə bu çeynənilmiş sözlər Ermənistan üçün böyük təhlükə mənbəyidir və yaxşı olar ki, bizi qəzəbləndirməsinlər, qıcıqlandırmasınlar, nə qədər ki, bizim təklifimiz masa üzərindədir, onunla razılaşsınlar.

Hazırda region ölkələrində müzakirə olunan təşəbbüslər müsbət əməkdaşlığa yönəlib. 3+3 təşəbbüsü var. Bu təşəbbüs Rusiya, İran, Türkiyə və Azərbaycan tərəfindən dəstəklənib. Gürcüstanın etirazı var, Ermənistan isə öz mövqeyini bildirməyib. Nə hə deyib, nə yox. Yenə mövqe yoxdur. Əgər bu müsbət mövqe olsa, bu istiqamətdə işə başlamaq olar. Bu isə öz növbəsində həm regionda sabitləşməyə və təhlükəsizlik risklərini minimallaşdırmağa kömək edəcək, həm də şərait yaradacaq ki, region ölkələrinin qarşılıqlı fəaliyyətini onlar özləri müəyyən etsinlər, necə yaşayacaqlarını özləri həll etsinlər.

Heydər Əliyev Fondu öz humanitar missiyası ilə və icra etdiyi qlobal layihələr sayəsində dünyanın ən nüfuzlu qurumlarından birinə çevrilibdir. Heydər Əliyev Fondu artıq neçə ildir səhiyyə, təhsil, Azərbaycan mədəniyyətinin qorunub saxlanması, muğam və aşıq sənəti kimi ənənəvi incəsənət növlərinin qorunub saxlanması üzrə iş aparır. Müasir qloballaşma meylləri və ya əxlaqın deqradasiyası ilə bağlı müasir meyllər nəzərə alınmalıdır. Təkcə Azərbaycan xalqına deyil, dünya əhalisinin əksəriyyətinə yabançı olan belə meyllərin fəal şəkildə təbliğ edildiyini görürük. Burada əsas təməl isə, əlbəttə, ailə tərbiyəsi, incəsənət, ədəbiyyat, mədəniyyətdir. Biz bunları qoruyub saxlamaq istəyirik və qoruyub saxlayırıq.

Azərbaycan-Rusiya ikitərəfli münasibətlərin inkişafı. Son illərdə çox dinamik inkişaf etmiş və yenə inkişaf etməkdə olan bu münasibətlər keyfiyyətcə tamamilə yeni səviyyəyə çatıb. İndi biz bu səviyyəni daha da yüksəltmək üzərində işləyirik. Siyasətçilər arasında, xüsusən qonşu ölkələrin siyasətçiləri arasında bir-birinə bu cür etimadın olması çox vacibdir. İkitərəfli münasibətlərin bundan sonrakı inkişafı məsələsinə gəldikdə isə, bizdə hər şey müəyyəndir, hazırda artıq iqtisadi, nəqliyyat, enerji, humanitar istiqamətlərə aid altı yol xəritəsi üzrə işlər aparılır. Azərbaycan və Rusiya vətəndaşlarının gənc nəslinin dostluq və həmrəylik ruhunda böyüməsi vacibdir.

Qarabağ regionunda rusiyalı sülhməramlılarının olması nəzərə alınmaqla qarşılıqlı fəaliyyət daha sıx, əlaqələr daha fəal olub. Təbii ki, bu mövzu da daim gündəmdədir və təqribən bir il tamamilə adi ştat rejimində, asayişin pozulması halları olmadan, əksinə, tam qarşılıqlı anlaşma, qarşılıqlı fəaliyyət şəraitində keçib. Biz rusiyalı sülhməramlıların vəziyyətin sabitləşməsi üzrə fəaliyyətini yüksək qiymətləndiririk. Bu, sabitlik üçün mühüm amildir.