Sitrusçuluq Astara rayonunun ən gəlirli sahələrindən biridir. Rayonda sitrusçuluq və subtropik meyvə istehsalı ilə əsasən Kijabə qəsəbəsi, Şüvi, Siyəkü və Səncərədi kənd ərazi nümayəndəliklərində yerləşən yaşayış məntəqələrinin sakinləri məşğul olurlar.

Astrainfo.az  xəbər verir ki, bir neçə gündür Astara rayonunun sitrus bağlarında feyxoa və narıngi yığımına başlanılıb. Qısa müddətdə bağlardan 20 tondan çox feyxoa, 10 tona yaxın narıngi yığılıb.

Bağlardan hələlik narınginin tezyetişən “Karli” növü yığılır. Kütləvi məhsul yığımına isə noyabr ayında başlanacaq.

Bazarlarda feyxoa və narınginin satış qiyməti ötən ilə nisbətən ucuzlaşıb. Ötən il bir kiloqramı 2 manata satılan narıngi və feyxoa bu il 1 manat 50 qəpik – 1 manata satılır.

Bu il yay mövsümündə havaların quraq keçməsi sitrus bağlarında məhsul istehsalına da təsir edib. Rayonda sitrusçuluqla məşğul olan fermerlər və məhsul istehsalçıları bildirirlər ki, yay aylarında sitrus bitkiləri üçün əlverişli sayılmayan quraq hava hökm sürdüyündən suvarma ilə bağlı bütün tədbirlərin görülməsinə baxmayaraq, məhsuldarlıq aşağıdır.

Təsərrüfat sahiblər məhsulu daxili bazarda satırlar.

Feyxoa yığımı noyabrın, narıngi yığımı isə dekabrın sonunadək davam edəcək.

Qeyd edək ki, ötən il Astara rayonunda 874,6 hektar feyxoa bağlarından 5816 ton məhsul yığılıb. 2298,8 hektar narıngi bağlarından isə 34442 ton məhsul tədarük olunub.